(Translated by https://www.hiragana.jp/)
Fərrux bəy Vəzirov — Vikipediya

Fərrux bəy Vəzirov

Azərbaycanlı mühəndis

Fərrux bəy Mirzə Həmid bəy oğlu Vəzirov (1857, Şuşa1920, Petroqrad) — Bakı Şəhər Dumasının üzvü, mühəndis, xeyriyyəçi.

Fərrux bəy Vəzirov
Fərrux bəy Mirzə Həmid bəy oğlu Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi 1857
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Fəaliyyəti mühəndis, siyasətçi, iş adamı
Atası Mirzə Həmid bəy Vəzirov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə
 
Fərrux bəy (solda əyləşən 2-ci) Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin açılışında

Fərrux bəy Vəzirov 1857-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. 1882-ci ildə Bakı real məktəbini bitirib Sankt-Peterburq Dağ-Mədən İnstitutuna daxil olmuşdu. 1886-cı ildə institutu dağ mühəndisi ixtisası ilə tamamlamışdı. Fərrux bəy Azərbaycanın ilk Avropa təhsilli mühəndisidir.

Uşaqlıqdan işgüzar, enerjili və bacarıqlı adam olan Fərrux bəy işə başladığı çağdan bir ay ötməmiş Kultin duz mədəninin başçısı təyin edilir. Altı aydan sonra öz xahişinə əsasən Bakı şəhərinə, Dağ-mədən dairəsinə rəis yardımçısı vəzifəsinə dəyişdirilir. Burada da bacarığı sayəsində vaqon-sisternlərinin bölüşdürülməsi komitəsinin sədri seçilir.

Fərrux bəy bir il sonra "Xəzər yoldaşlığı" ortaqlığının başçısı, eyni zamanda "Dağıstan vilayətinin Çıryurd qurğuşun hasili yoldaşlığı" şirkətinin yaradıcılarından və payçılarından biri olur. O, "Xəzər yoldaşlığı"nda beş il çalışdıqdan sonra aralanıb özünün neftçıxarma idarəsini təsis edir. "Naftalan neft istehsalı yoldaşlığı"nın paylarından çoxunu ələ keçirir.

Fərrux bəy kənd təsərrüfatı sahəsində də özünü sınamaq istəyir. Şuşa qəzasının Hindarx kəndində xeyli torpaq sahəsi alır. Mülkündə Avropa tipli binalar inşa etdirir. Yeni aqrotexniki qaydada pambıq əkir, ilkin olaraq pambıqtəmizləmə zavodu tikir.

Fərrux bəy Qarabağ köhlənlərinin bəslənməsinin qayğısına da qalır. Böyük at zavodu yaradır. O, Hindarx kəndində məktəb və xəstəxana tikdirir. Böyük şəhərlərdən müəllimlər və həkimlər dəvət edir. Onun məktəbində oxuyan uşaqlar pulsuz dərsliklərlə və geyimlə təmin olunmuşdular.

Fərrux bəyin zəhməti kölgəsində kənd camaatına poçt da xidmət göstərirdi. Hindarx kəndi nahiyə mərkəzi olduğundan qonşu kəndlər də bu xidmət sahələrindən istifadə edirdi.

Fərrux bəy 1906-cı ildə Sankt-Peterburq şəhərinə köçür. O, burada ictimai, siyasi və iqtisadi məsələlərlə məşğul olur. İmperiyanın mərkəzində bütün müsəlmanların haqqını müdafiə edir. Qafqaz və Orta Asiyada torpaq, dini, milli, iqtisadi və digər məsələlərdə kimin işi əyilirdisə, düzəltməyə Fərrux bəyin üstünə gəlirdi.

Fərrux bəyin mülkü müşavir çini vardı.

Fərrux bəy 1920-ci ildə vəfat edib.

Ailəsi

redaktə

Fərrux bəy Xurşid bəyim Məhəmmədəli xan Cavanşirin qızı İbrahimbəyova ilə ailə qurmuşdu. Əlmurad bəy adlı oğlu vardı.

Mənbə

redaktə