Apollon proqramı

Vikipediya, azad ensiklopediya
AlleborgoBot (müzakirə | töhfələr) (Bot redaktəsi dəyişdirilir: nl:Apollo-project) tərəfindən edilmiş 12:20, 1 dekabr 2008 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Apollon proqramının emblemi
Apollon proqramının emblemi

Apollon Proqramı və ya Layihəsi - NASA tərəfindən reallaşdırılmış Aya uçuş layihəsidir. Gemini Layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır.

Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, RangerSurveyor gəmilərini göndərmişdi. Bunların köməyi ilə Ayın səthində Apollonun enişi üçün uyğun yer müəyyənləşdirilmişdi.

Ay səthinə enmək məqsədilə 4 ayrı plan düşünülmüşdü:

  • Birbaşa qalxma: Bu plana görə kosmik gəmi birbaşa Aya uçmalı və Aya enib qalxmalı idi. Bu əməliyyat üçün həmin dövrün ən güclü raketi olan Nova raketindən daha güclü bir vasitəyə ehtiyac vardı.
  • Yerin orbitində görüşmə: Bu plan biri kosmik gəmini, o biri isə yanacağı daşıyan 2 Saturn V raketinin kosmosa qalxmasını nəzərdə tuturdu. Kosmik gəmi Yerin orbitinə yerləşməli və lazımi qədər yanacaq doldurulduqdan sonra Aya gedib qayıtmalı idi. Yenə də kosmik gəmi tam halda Ay səthinə oturmalı idi.
  • Ay səthində görüşmə: Bu plan biri yanacaq daşıyan və Aya enməli olan insansız kosmik vasitənin və bir müddət sonra onu izləməli olan insanlı kosmik gəminin yaradılmasına əsaslanırdı. Yanacaq insanlı vasitə Yerə qayıtmazdan əvvəl insansız vasitədən insanlı vasitəyə köçürülməli idi.
  • Ay orbitində görüşmə: Bu plana görə kosmik vasitə İdarəetmə modulu, Xidmət modulu və Ay modulundan ibarət olmalı idi. İdarəetmə modulu və Xidmət modulu 3 astronavtın 5 günlük Ay səfəri üçün lazımlı həyat sistemlərini və kosmik gəmi Yer atmosferinə geri qayıdarkən lazım olacaq istilik qalxanını daşıyırdı. Ay modulu Ay orbitində əsas gəmidən ayrılacaq və iki astronavtı Ay səthinə eniş üçün daşıyacaqdı. Ən sonda İdarəetmə modulu ilə Xidmət modulu geri dönəcəkdi. Atmosferə girərkən Xidmət modulu da buraxılacaq və beləliklə Yerə geri qayıdan tək hissə İdarəetmə modulu olacaqdı. Sonda məhz bu plan seçilmiş və icra edilmişdir.
16 iyul 1969-cu il, Saturn V raketi Apollon 11 kosmik gəmisini Ay səyahətinə doğru yola çıxarır.

Bütün planlar arasında Ay orbitində görüşmə planı kosmik vasitənin yalnız kiçik bir hissəsinin Aya eniməsi səbəbiylə geri qayıtma vasitələri üçün lazım olan kütləni ən aza endirirdi. Geri qayıdacaq kütlə eniş mühərriki və eniş vasitələrinin də Ay səthində qalması ilə daha da azalır.

Layihənin icrası zamanı əldə edilən bir çox müvəffəqiyyətlərə qarşı 2 böyük uğursuzluq yaşanmışdır. Birincisi Apollon 1-in uçuş sınaqları zamanı 3 astronavtın (Vircil Qrissom, Edvard Higgins Vayt və Rocer Çaffi) ölümü, ikincisi isə Apollon 13-ün kosmosda partlaması idi. Bu fəlakət layihə mühəndislərinin, uçuş nəzarətçilərinin və ekipaj üzvlərinin səyləri sayəsində avtronavtlara heç nə olmadan sovuşduruldu.

İlk əhəmiyyətli addım 21 dekabr 1968-ci ildə göndərilən Apollon 8-in Ayın orbitinə yerləşdirilməsi və Ay ətrafında 10 dəfə fırlanması ilə atıldı. 3 Mart 1969-cu ildə Apollon 9 vasitəsilə Aya enmə zamanı istifadə ediləcək Ay modulu sınandı. Apollonun əsas gövdəsindən kiçik bir tunellə Ay moduluna keçilərək ilk dəfə kosmik gəminin xaricinə çıxmadan bir kosmik vasitədən digərinə keçid edildi.

Apollon 16-nın Ay modulu Ayın səthində.

Apollon Layihəsinin ən böyük müvəffəqiyyətini Apollon 11 reallaşdırdı. 16 İyul 1969-cu il tarixində Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in içindəki astronavtlardan Neyl ArmstronqEdvin Oldrin iyulun 20-də Eagle adlı Ay moduluna keçdilər və iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayışdır".

14 Noyabr 1969-cu ildə göndərilən Apollon 12 sayəsində Noyabrın 19-da Aya ikinci dəfə insan endirmək mümkün oldu. Apollon 13 Aya uçarkən oksigen balonlarından biri partladı və gəminin böyük hissəsi parçalandı. Astronavtlar çətinliklə Yerə geri qayıda bildilər. Apollon 15-in astronavtları kosmik vasitə ilə birlikdə aparılan nəqliyyat vasitəsinin köməyi ilə Ay səthində gəzərək çox sayda nümunə topladılar. Apollon 16 özü ilə təxminən 100 kq ağırlığında Ay daşı gətirdi. Apollon 17 isə 1972-ci ilin dekabrında Apollon Layihəsi çərçivəsində həyata keçirilən son Ay səfərini reallaşdırdı.

Həmçinin Bax

Apollon proqramı cədvəli

Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM