İlahiyyat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər.

Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.

Xristianlıq teologiyası

[redaktə | mənbəni redaktə et]

Xristianlığın əsas ehkamlarında eyni mövqeyi tutan pravoslav, katolikprotestant kilsələri bir çox detallarda fərqli təlimlərə etiqad edirlər, buna görə də bir məzhəbin içində belə sistematik teologiyanın bir neçə variantı ola bilər. Protestant müəlliflərin arasında P. Tillix[1], U. Qrudəm[2] kimi müəlliflərin sistematik teologiya əsərləri xeyli yayılmış və başqa dillərə tərcümə olunmuşdur. Rus baptist ilahiyyatçısı M. V. İvanovun "Sistematik teologiyanın əsasları" əsərində baptist təlimləri öz əksini tapmışdır.[3] Pravoslav kilsəsində V. N. Losskiyin "Doqmatik teologiya" adında sanballı əsəri şöhrət qazanmışdır.[4]

Teologiya bir çox sahələrdən ibarət olan mürəkkəb elmdir. Müxtəlif xristian məzhəblərində teologiyanın sahələrə, fənlərə bölünməsi fərqlidir, lakin ümumiyyətlə xristian teologiyasında aşağıdakı əsas sahələri qeyd etmək olar: Allah haqqında təlim olaraq "xüsusi teologiya" (o cümlədən Üç Üqnum, Allahın adları və sifətləri), vəhy, yaradılış, teodiseya (şərin mövcudluğunu izah edən elm), Bibliya antropologiyası, hamartiologiya (günah haqqında təlim), xristologiya (Məsihin şəxsiyyəti haqqında təlim), pnevmatologiya (Müqəddəs Ruh haqqında təlim), soteriologiya (xilas haqqında təlim), ekklesiologiya (kilsəni tədqiq edən elm), missiologiya, esxatologiya (dünyanın axırı haqqında təlim), sakramentologiya (vəftizRəbbin süfrəsi kimi "sakramentlər" (müqəddəs mərasimlər) haqqında təlim), patrologiya (kilsə atalarını tədqiq edən elm), angelologiya və demonologiya (mələkləri və cinləri tədqiq edən elm).

Xristian teologiyası, dəyişməz təməl əqidələri sabit qaldığı halda, daim inkişaf edən və dəyişən bir hadisədir. Ehkamçı teologiya bütün dövrlərin mütəfəkkirləri tərəfindən tənqid edilmişdir. Bu səbəbdən xüsusilə son əsrlərdə teoloqların elmə və tənqidə daha çox açıq olmaları teologiyanı getdikcə ifrat ehkamçılıqdan uzaqlaşdırır, məzhəblər və dinlər arasında sağlam dialoqun artmasına zəmin yaradır.

  1. Paul Tillich. Systematic Theology. (3 volumes). Rus dilinə tərcümə bax: http://knigosite.ru/library/books/52239[ölü keçid]
  2. Wayne Grudem (1995). Systematic Theology. Zondervan. (ISBN 978-0-310-28670-7). Rus dilinə tərcümə bax: http://tpor.ru/duxovnoe/uejn-grudem-sistematicheskoe-bogoslovie Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine
  3. Bax: http://rusbaptist.stunda.org/sistem.htm Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
  4. Bax: http://predanie.ru/lib/book/69664/ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Богословие Библейское"