Aşıq Hüseyn Cavan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aşıq Hüseyn Cavan
Hüseyn Mikayıl oğlu Əliyev
Doğum tarixi 1916
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1985(1985-11-14)
Dəfn yeri
Fəaliyyəti şair, aşıq
Mükafatları "Şərəf nişanı" ordeni "21 Azər" medalı
Uti kəndi

Əliyev Hüseyn Mikayıl oğlu (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı14 noyabr 1985) — şair, aşıq, 1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokrat Partiyasının üzvü (1946), Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967)[1]

Aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (hazırkı İranın Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulmuşdur[2].

Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur (1927–1935).

Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzmiş, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırmışdır. Milli hökumət onu "21 Azər" medalı ilə təltif etmişdir. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışmış, inqilabi ruhlu nəğmələri ilə çıxış etmişdir. Burada aşıqlar ansamblı yaratmışdır. Azərbaycan Demokrat Firqəsi və milli hökumət ona xalq artisti fəxri adını vermişdir.

1946-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləmişdir. Sonra Goranboy rayonunun Əzizbəyov (indiki Kəhrizli) kəndində yaşamışdır (1948-ci ildən). Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak etmiş, Böyük teatrda çıxışı hərarətlə qarşılanmışdır. Respublika özfəaliyyət incəsənət festivalının laureatı olmuş, birinci dərəcəli diplom almışdır (1953).

Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olmuşdur. "Şərəf nişanı" ordeni və fəxri mükafatlarla təltif edilmişdir.

1985-ci il noyabrın 14-də vəfat etmişdir.

  • 1. Azadlıq mahnıları. Bakı: Azərnəşr, 1950, 35 səh.
  • 2. Aşığın arzuları. Bakı: Uşaqgəncnəşr, 1950, 94 səh.
  • 3. Şerlər. Bakı: Uşaqgəncnəşr, 1953, 56 səh.
  • 4. Sədəfli saz. Bakı: Azərnəşr, 1956, 92 səh.
  • 5. Qoşmalar. Bakı: Azərnəşr, 1959, 148 səh.
  • 6. Şerlər. Bakı: Azərnəşr, 1962, 114 səh.
  • 7. Danış telli sazım. Bakı: Azərnəşr, 1966, 116 səh.
  • 8. El aşığı. Bakı: Azərnəşr, 1975, 106 səh.
  • 9. Bahar kimi. Bakı: Yazıçı, 1979, 76 səh.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aşıq şerinin bütün növlərində yazan aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük vermiş, Güney Azərbaycanın gözəlliklərini, qəhrəmanlarını öz şeirlərində vəsf etmişdir:

Gözlərim vətəni qəmli görəndə. Dərdim təzələndi, xəyala düşdüm. Xalqın naləsindən, xalqın ahından, Alışdım odlara, bu hala düşdüm.

Cəlladlar əlində dağılır vətən, Ayrılır analar körpələrindən, Elin naləsini eşitdikcə mən, Dolandım, mahaldan mahala düşdüm.

Şeirlərində tez-tez Güney Azərbaycanın dağlarını, şəhərlərini qeyd edən Cavan "Qaradağ" rədifli qoşmasında bunları yazır:

Təbriz bir anadır, sən də oğlusan, El bilir, ürəkdən ona bağlısan, Oğlun Səttarxandan sinə dağlısan, Onunçün ağarıb başın Qaradağ.

Hüseyn Cavan Güney Azərbaycanda olduğu kimi Şimali Azərbaycanda da sevilir. Həm o taylı, həm bu taylı Azərbaycanın bir çox aşıqları onun təsiri ilə şeirlər yazmışlar.

İranda Pişəvəri hökuməti (Azərbaycan Demokrat Firqəsi) məğlub olandan sonra Azərbaycan SSRinə gələn Cavanın burada bir çox şeir və qoşmaları məşhur olmuş, bundan başqa aşıq üç xalq dastanı qoşmuşdur.

  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 157. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.