Barbados
Barbados | |||||
---|---|---|---|---|---|
Barbados | |||||
| |||||
Pride and Industry, Гордост и усърдие, Tự hào và Công nghiệp, Brilliant Barbados, Barbados Wych | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Brictaun | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Sandra Meyson | ||||
Baş Nazir | Mia Mottli | ||||
Sahəsi | Dünyada 183-cü | ||||
• Ümumi | 439 km² | ||||
• Su sahəsi (%) | çox az | ||||
Əhalisi | |||||
• Əhali | 288 min nəfər (181-ci) | ||||
• Siyahıyaalma (2.V.2019) | 287 025 nəf. | ||||
• Sıxlıq | 660 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 7 169 million dollar (160-cı) | ||||
• Adambaşına | 25 800 dollar (60-cı) | ||||
Valyuta | Barbados dolları | ||||
İnternet domeni | .bb | ||||
ISO kodu | BB | ||||
BOK kodu | BAR | ||||
Telefon kodu | +1246 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Barbados — Mərkəzi Amerikada Karib hövzəsi və ya Vest-Hinddə yerləşən dövlət. Kiçik antil adaları qurupunda eyni adlı ada da yerləşir. Şimaldan cənuba maksimum uzunluğu 34 km, qərbdən şərqə isə 23 km-dir. Sahəsi 432 kvadrat kilometrdir. Əhalisi 287 min nəfərdir. Paytaxtı və mühüm portu Brictaun şəhəridir. Dövlət dili ingilis dilidir, pul vahidi isə Barbados dollarıdır.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos vermişdir. Tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkmiş və o, ağacları formaca "saqqallı adamlar"a bənzətmişdir. Bu torpağı o "los – barbados" adlandırmışdır, bu da ispan dilindən tərcümədə "saqqallılar" deməkdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Avropalılar Barbodos adasına gələnə qədər, adada hind tayfalarından olan aravaklar və kariblər yaşayırdı. 1518-ci ildə adada olmuş ispanlar adanı Barbados adlandırmışdılar. Barabdos ispan dilində saqqal mənasını verir. 1605-ci ildə adaya gələn ingilislər 1625-ci ilə qədər adada öz kaloniyalarını yaratmışdılar. 1628-ci ildə isə Barbadosun müasir paytaxtı olan Brictaun şəhərinin əsası qoyulmuşdur. Şəkər qamışı plantasiyalarının salınması sürətlə artırdı. Kənd təsərüffatı işlərində çalışmaq üçün afrikadan xeyli sayda qul adaya gətirilmişdir.
Tarixən Barbadosda müstəmləkə əlehinə üsyanlar olmuşdur. Lakin bu üsyanlar kor təbii təşkil edildiyindən heç biri uğur əldə edə bilməmişdir. 1838-ci ildə Barbadosda quldarlıq ləğv edildi. XX əsrin 30-cu illərində Barbadosda milli azadlıq hərəkatı güclənmişdir. İkinci dünya müharibəsindən sonra Barbodos adasına siyasi müstəqilik verilməsi məsələsi müzakirə edilirdi. Barbadosda müstəqillik uğurunda mübarizə aparan bir neçə təşkilat yaranmışdır. Böyük Britaniya adaya müstəqillik verilməsində maraqlı deyildi. Əvəzində Barbados Ali Müxtariyyəti adlı Böyük Britaniya tabeliyində olan qurumun yaradılmasını təklif edirdi. Bu məqsədlə 1958-ci ildə Barbados Vest Hind Federasiyasına daxil edildi. 1961-ci ildə Barbados özünü idarə hüququ alır, 1966-cı ilin noyabrın 30-u tarixində Barbadosun rəsmən müstəqil olduğu elan edildi. Bir aydan sonra Barbados müstəqil ölkə kimi BMT-yə qəbul edildi. 1967-ci ildən Amerika dövlətləri Təşkilatının (ADT), 1970-ci ildən Beynəlxalq Valyuta Fondunun (BVF), 1973-cü ildən Karib birliyi və Karib ümumi bazarın (KARİKOM), 1995-ci ildən isə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Karib Ölkələri Assosiasiyasının üzvüdür.[1][2]
Tarixi oçerk
[redaktə | mənbəni redaktə et]Barbadosun hindi aravaklar tərəfindən məskunlaşması eramızın 1-ci minilliyinin əvvəllərinə aid olunur. Sonralar aravakları XVI əsrin əvvəllərində adanın avropalılar tərəfindən kəşfinədək nəsil-tayfa münasibətlərini saxlayan kariblilər sıxışdırmışlar. Barbados torpağına avropalılardan ilk gələn portuqallar (1563) adadan Braziliya sahillərinə üzən gəmilərin tranzit dayanacağı kimi istifadə etməyə çalışırdılar. Adanı iqtisadi cəhətdən 1627 ildə ingilislər mənimsəməyə başladılar. 1639 ildə kolonistlər Barbadosda Qanunverici assambleya təşkil etdilər. 1652 ildə Oliver Kromvel Barbados konstitusiyasının əsasını qoyan Kapitulyasiya maddələrini imzalamağa razılaşdı. Barbadosda tütün yetişdirməyə başlamış ingilislər böyük gəlir əldə edə bilmədikləri üçün XVII əsrin ortalarından onu şəkər qamışı ilə əvəzlədilər. Beləliklə, ada şəkər və rom (ilk dəfə bu içkinin adı 1650 ildə Barbarosdan göndərilən bir məktubda qeyd olunmuşdur) istehsal edən əsas mərkəzlərdən birinə çevrilmişdir. Barbadosdakı plantasiyalarda, əsasən, Afrikadan gətirilən qullar işləyirdi. Nəticədə Barbadosda zənci əhali üstünlük təşkil etməyə başladı. 1816-cı ildə adada baş verən qulların üsyanı (Bussanın üsyanı) hökumət tərəfindən qəddarcasına yatırıldı. 1834-cü ildə quldarlığın ləğvi (4 illik keçid dövrü ilə) plantatorların torpaqların da cüzi əməkhaqqı müqabilində çalışan işçilərin vəziyyətini bir o qədər yaxşılaşdırmadı.
1846-cı ildə Britaniya hökuməti tərəfindən qəndə tətbiq olunan himayəçi rüsumların ləğvi nəticəsində yaranan maliyyə-iqtisadi böhran plantatorların da vəziyyətini çətinləşdirmişdi; onların müflisləşməsi işsizliyin artması və əhalinin yoxsullaşması ilə müşayiət olunurdu. Sosial gərginliyin artması 1876-cı il üsyanına gətirib çıxardı, üsyançıların əsas məqsədlərindən biri Barbadosun qonşu adalarla müstəqil federasiyasının yaradılması idi. 1930-cu illərdən Barbadosun milli istiqlaliyyəti uğrundakı mübarizədə fəhlə və həmkarlar ittifaqları hərəkatı mühüm rol oynayırdı. 1940-cı illərin əvvəllərində fəhlə liderlərindən biri V. Krouford ümumi seçki hüququ və milli azadlıq şüarlarını təbliğ edən Vest-Hind Milli Konqresi siyasi təşkilatını yaratdı. 1938-ci ildə yaradılan Barbados leyborist partiyası (BLP) milli hərəkata başçılıq edirdi, onun rəhbəri Q. H. Adams isə tezliklə adada ən nüfuzlu siyasətçilərdən birinə çevrildi. Leyboristlər və onların müttəfiqləri 1948-ci ildə daxili özünüidarəetmə elementlərinin, 1950-ci ildə isə ümumi seçki hüququnun tətbiqinə nail oldular. 1954-cü ildə B. Britaniya adada nazirlər kabinetinin yaradılmasına razılıq verdi və Barbadosun ilk baş naziri Q. H. Adams oldu. Onun fəaliyyəti Barbadosun siyasi modernləşdirilməsinə şərait yaratdı, lakin sosial-iqtisadi sahə ləng inkişaf edirdi. 1955 ildə BLP parçalandı və E. U. Barrounun rəhbərlik etdiyi siyasətçilər qrupu ondan ayrılaraq yeni partiyanı – Demokratik leyborist partiyasını (DLP) formalaşdırdı.
Barbados 1958-ci ildə B. Britaniya tərəfindən yaradılan və Karib dənizindəki Britaniya mülklərini birləşdirən Vest-Hind federasiyasının tərkibinə daxil oldu. 1966-cı il noyabrın 30-da ölkənin müstəqilliyi elan olundu. Adada ingilis tipli ikipartiyalı sistem formalaşdı: 1961–76-cı illərdə ölkəyə E. U. Barrou (DLP), 1976–85-ci illərdə C. Adams (BLP) rəhbərlik etmiş, 1986–94 illərdə DLP hakimiyyətdə olmuş (1986–87 illərdə baş nazir Barrou, onun ölümündən 1994-cü ilədək L. Erskin Sandiford), 1994 ildə Ouen Artur (BLP) baş nazir seçilmişdi. 14 il ölkəni idarə edən BLP-ni 2008-ci ildə keçirilən seçkilərdə qalib gələn DLP əvəz etdi. Ölkənin baş naziri D. Tompson oldu. 2010-cu ildə onun ölümündən sonra müavini F. C. Stüart Barbadosun baş naziri vəzifəsini tutdu. 1968-ci ildə Barbados Azad Ticarətin Karib Assosiasiyasının (KARİFTA) yaradılmasında iştirak etdi. 1973-cü ildə bu təşkilatın əsasında iştirakçı dövlətlər arasında gömrük maneəsini aradan qaldıran və digər ölkələrdən gətirilən mallara vahid rüsumlar tətbiq edən Karib birliyi və Karib ümumi bazarı (KARİKOM) yarandı. 1995-ci ildə Barbados azad ticarətin iri regional zonasının yaradılması məqsədi daşıyan Karib Ölkələri Assosiasiyasına qoşuldu.[2]
Dövlət quruluşu
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Barbados Birliyə daxil olan unitar dövlətdir. 1966-cı ilin noyabrın 22-də Konstitusiyası qəbul olunmuşdur. Parlament respublikasıdır; formal olaraq konstitusiyalı monarxiya saxlanılır. Barbadosun dövlət başçısı Böyük Britaniyanın kralıdır, lakin onu general-qubernator təmsil edir. Qanunverici hakimiyyət Məclis palatasından (28 deputat ümumi birbaşa səs vermə yolu ilə 5 il müddətinə seçilir) və Senatdan (21 üzv general-qubernator tərəfindən təyin edilir) ibarət ikipalatalı parlamentə məxsusdur. 12 senator baş nazirin tövsiyəsi, 2 senator müxalifət liderinin məsləhəti, digərləri isə general-qubernatorun öz seçimi ilə təyin olunur. İcraedici hakimiyyəti baş nazir (adətən, Məclis palatasında çoxluq əldə etmiş partiyanın lideri) başda olmaqla hökumət həyata keçirir; baş naziri general-qubernator təyin edir. Baş nazirin formalaşdırdığı hökuməti general-qubernator təsdiqləyir. Barbadosda ikipartiyalı sistem formalaşmışdır: Barbados leyborist partiyası və Demokratik leyborist partiyası.
İnzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]Demoqrafiya
[redaktə | mənbəni redaktə et]Regionda sayına görə 10-cu ada dövləti olan Barbadosun 281,968 nəfər əhalisi var. Əhalisinin 87–92%-ini Vest-Hind zənciləri, 3–6%-ini mulatlar (becen adlanan kreol dilində danışırlar), 4%-dən çoxunu B. Britaniyadan gələnlər, 1%-dən çoxunu ABŞ amerikalıları təşkil edir; həmçinin burada hindlilər, pakistanlılar, çinlilər, yəhudilər də var. Doğum səviyyəsi (1000 nəfərə 12,2 nəfər; 2000–05) ölüm səviyyəsini (7,8 nəfər) üstələyir; uşaq ölümü 1000 nəfər diri doğulana 10,9 nəfərdir. Orta ömür səviyyəsi 77,2 ildir (kişilərdə 74,5, qadınlarda 79,5). Adanın qərbindəki külək tutmayan hissə daha sıx məskunlaşmışdır. Şəhər əhalisi 52,9%-dir (2005). Dindarları, əsasən, xristiandır. Ölkədə həmçinin müsəlman, hinduist, buddist və bəhai icmaları da mövcuddur.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Barbados Mərcan mənşəli adadır, bəzi yerlərdə mərcan rifləri ilə əhatə olunmuşdur. Səthi terraslarla sahildən mərkəzə doğru maili surətdə 340 metrədək (Hillabi d. – B.un ən yüksək nöqtəsi) qalxır. Çökmə süxurlardan, əsasən, əhəngdaşılardan ibarətdir. Təqribən bütün sahil boyu enli qumlu plyaj zolağı uzanır, şimal-şərqi sahili okeana doğru sıldırım şəkildə enir. Karst (mağaralar, yeraltı çaylar və göllər) inkişaf etmişdir. İqlimi tropik passatdır. Orta tempratur ən isti ayda (sentyabr) 27 °C, ən soyuq ayda (fevral) 25 °C olur. İllik yağıntı 1400 mm-ədək, iyundan noyabra kimi yağış mövsümüdür. Burada ez-tez fırtınalar olur. Bir neçə qısa çayı var. Barbadosun cənubunda bataqlıqlara rast gəlinir. Qəhvəyi-qırmızı lateritləşmiş torpaqlar yayılmışdır. Mədəni landşaftlar üstünlük təşkil edir. Sahillərində kiçik sahələrdə tropik bitkilər qalmışdır. Qırmızı ağaca, kokos və kral palmasına rast gəlinir. Heyvanlardan manqust (introduksiya edilmişdir), tısbağa, gəmiricilər; quşlardan kolibri, göyərçin, freqat, qutan məskunlaşmışdır; sahil sularında makrel, skumbriya, uçan balıq (adanın simvolu), xərçəngkimilər yaşayır. Burada milli park statusu almış Barbados dəniz rezervatı (mərcan rifləri ekosisteminin mühafizəsi) vardır.
Təsərrüfatı
2004-cü ildən Barbadosun ümumi daxili məhsulu 4,57 milyard ABŞ dolları təşkil edir. 2001-ci ildən ÜDM-in 88,7%-i xidmət sferasında, 7,1%-i sənayedə, 4,2%-i kənd təsərrüfatında yaradılır. 2001-ci ildən iqtisadi fəal əhali 128,5 min nəfərdir, onların təqribən 75%-i xidmət sferasında, 15%-i sənayedə, 10%-i kənd təsərrüfatındadır (20 əsrin sonu). 2003-cü ildən işsizlik səviyyəsi 10,7%-dir. İqtisadiyyatın əsasını xarici turizm(2002 ildə Barbadosa təqribən 0,5 mln. nəfər gəlmişdir, 2001 ildə gəlir 687 mln. dollar təşkil etmişdir) təşkil edir. Kurortların çoxu qərb və cənub sahilində yerləşir. Turizmin əsas növləri: dəniz, su idmanı (dayvinq, su xizəyi və s.), toy turizmi (toy mərasimlərinin, bal ayının ənənəvi keçirilməsi), speleoturizm, etnoqrafik turizm. Ofşor biznesi (cəmi 7,5 mindən artıq ofşor şirkəti qeydiyyatdan keçirilmişdir, onlardan təqribən 450-si sığorta şirkətidir) inkişaf edir. Barbados (Yamayka ilə yanaşı) Qərb yarımkürəsində informasiyanın emalı xidmətlərinin (müxtəlif növ uçotun, o cümlədən mühasibat və maliyyə uçotunun aparılması, verilənlərin və mətnin kompüter formalarına daxil edilməsi, sığorta sənədlərinin işlənməsi, verilən lərin arxivləşdirilməsi, verilənlər bazasının yaradılması və s., əsasən, ABŞ şirkətləri üçün; XXI əsrin əvvəlində proqram təminatının işlənib hazırlanması daha böyük əhəmiyyət kəsb edir) ən mühüm mərkəzlərindəndir. Vergi güzəştləri və xarici gəmilərin qeydiyyatı üzrə xidmətlərin mövcud olması nəticəsində Barbadosun ticarət donanmasına 50-dən artıq gəmi aid edilmişdir. Onlardan 17-si Norveç, 12-si Kanada, 11-i yunan gəmi sahiblərinə məxsusdur. Barbadosda təbii qazın hasilatı (29,2 milyon m³) azdır. 2002-ci ildən 860 mln. kVt·saat elektrik enerjisi istehsal edilir. Elektron (idxal edilmiş detallardan hissə və komponentlərin yığılması), şəkər (2003 ildə 36,3 min ton şəkər istehsal olunmuşdur), əczaçılıq, toxuculuq və tikiş, sement sənayesi müəssisələri, rom, meyvə konservləri, oyuncaq istehsalı üzrə müəssisələr işləyir.
Ərzağın çox hissəsi idxal edilir. Kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi 19 min hektardır, onun 84%-indən çoxu becərilir; əkinlərin çox hissəsi ölkənin cənub-qərbindədir. Əsas kənd təsərrüfatı bitkisi şəkər çuğundurudur (2003 ildə 365 min ton yığılmışdır; istehsal həcmi 20 əsrin sonundan azalır; plantasiyalar qolf meydançalarına çevrilir); həmçinin kokos palması, yams, batat, tərəvəz, tropik və sitrus meyvələri, pambıq becərilir. Qoyun (2003 ildə 27 min baş), donuz (16,5 min baş), qaramal (3,8 min baş) yetişdirilir. Sahilboyu sularda balıqçılıq (balıq ovu 2002 ildə 2,7 min t təşkil etmişdir; balıq emalı zavodları Brictaun və Oystinsdə yerləşir) inkişaf etmişdir. Barbadosda avtomobil yollarının uzunluğu 1,6 min km (demək olar ki, hamısı bərkörtüklüdür) təşkil edir, 2002-ci ildən avtoparkında 80 mindən çox avtomobil vardır. Əsas dəniz portu Brictaundur. Venesuela, həmçinin SentLyusiya, SentVinsent, Trinidad adaları ilə müntəzəm dəniz əlaqəsi var. Beynəlxalq Qrantli-Adams aeroportu (Barbadosun cənub şərq sahilində, Brictaunun 16 km-liyindədir). Barbados üçün xarici ticarət balansının (2002 ildə ixracın dəyəri 206 mln. dollar, idxalın dəyəri 1039 mln. dollar təşkil etmişdir) xroniki kəsiri xarakterikdir. Elektrik aparaturası və elektron hissələr (idxal edilmiş detallardan), şəkər, rom, kimyəvi preparatlar və dərmanlar, paltar ixrac edilir, istehlak malları, ərzaq, neft, avadanlıq, nəqliyyat vasitələri, tikinti materialları, elektron komponentlər idxal olunur. Əsas xarici ticarət partnyorları: ABŞ, Trinidad və Tobaqo, B. Britaniya, Yamayka, Yaponiyadır.[2]
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Becərilən torpağların 50%-ə qədəri şəkər qamışı əkinlərinə ayrılmışdır. Digər bitkilər — pambıq, maniok və meyvə-tərəvəz də becərilir. Turizm sferasında əmək qabiliyyətli əhalinin 1/3-i çalışır. Adada tapılan neft ölkənin energetika tələbatının 1/2-i təmin edir. 2010-cu ildə Barbadosda 1 037 million kWt-saat elektrik enerjisi istehsal edildi.
İdman
[redaktə | mənbəni redaktə et]Barbadosun Olimpiya Assosiasiyası Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1955-ci ildə tanınmışdır. Barbados idmançıları Olimpiya Oyunlarında 1968-ci ildən iştirak edirlər. Velosiped idmanı, yüngül və ağır atletika, üzgüçülük, atıcılıq ən geniş yayılmış idman növləridir. 2000-ci ildə Sidneydə keçirilən 27-ci Olimpiya Oyunlarında sprinter O. Tompson öz ölkəsi üçün ilk Olimpiya mükafatını qazanmışdır (100 m məsafəyə qaçışda bürünc medal).
Səhiyyə
[redaktə | mənbəni redaktə et]2000-ci ildən Barbadosda əhalinin hər 10 min nəfərinə 13,7 həkim düşür. 2001-ci ildən səhiyyəyə qoyulan xərc ÜDM-in 6,5%-ini (büdcədən maliyyələşdirmə 66,3%, özəl sektordan 33,7%) təşkil etmişdir. Dövlət sektoru, əsasən, ilk və xəstəxana tibbi yardımını, özəl sektor isə ümumi tibbi praktikanı əhatə edir. Yaşlı əhali arasında ölümün əsas səbəbləri ürək-damar xəstəlikləri, xərçəng, infeksiyalar və travmalardır. 2002-ci ildən vərəmlə 3, QİÇS-infeksiyası ilə 76 xəstələnmə hadisəsi olmuşdur.
Elm və mədəniyyət müəssisələri
[redaktə | mənbəni redaktə et]Brictaunda Vest-Hind Universitetinin fakültəsi (əsası 1963 ildə qoyulmuşdur; nəzdində kitabxana var), 1847-ci ildən kütləvi kitabxana, 1835-ci ildən Ceyms-haus tarix muzeyi, 1996-cı ildən Barbados incəsənət qalereyası, 1963-cü ildən rəsədxana fəaliyyət göstərir. 1933-cü ildənSent-Maykl prixodunda Barbados muzeyi və Tarix cəmiyyəti, Sanberidə (Sent-Filip prixodu) Plantator evi (muzey; 1660), 1981-ci ildən Sent-Ceyms prixodunda Folkston dəniz muzeyi, F. Hatsonun şəkər muzeyi var.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Günümüzdə bu ölkənin adı çəkiləndə mütləq "Grammy" mükafatını qazanmış Rihanna yada düşür.
İncəsənət
[redaktə | mənbəni redaktə et]Barbadosda qədim hindi incəsənətinin izləri saxlanılmışdır. Sent-Corc r-nunda şəkər sahibkarı T. Ş. Draksın evi (Draks-holl, 17 əsrin son rübü), Sent-Piter prixodunda Müqəddəs Nikolay abbatlığı (1660; hər ikisi B.-un ən qədim tikililəridir), zəngin daxili bəzəyi olan Sem-Lord qəsri (1831, memar S. Holl Lord), Brictaunda erkən ingilis palladioançılıq üslubunda tikilmiş Hökumət evi, Arsenal və Silah palatası, 1751-ci ildə əsası qoyulan, C. Vaşınqtonun evi adlandırılan tikili, 1780-ci illərdən sonra tikilən Sent-Maykl kilsəsi, XIX əsr tikilən Parlament binası Barbadosun memarlıq abidələrindəndir. XIX əsrin əvvəllərində Barbadosda İncəsənət cəmiyyəti yaradılmışdır. Turizmin inkişafı ilə əlaqədar 1950-ci illərdən başlayaraq çox sayda mehmanxana inşa edilmişdir. 50–60-cı illərdən Çoki-Maunt və Terners-Holl ənənəvi keramika istehsalı mərkəzi olmuşdur. 1960-cı illərdən bu sahədə K. Rassel, U. Hardinq, B. Qreys, Ras Akim Ramsi çalışmışlar. Batik ənənəvi sənət növlə rindəndir; parça rəsmlərində amerikan-hindi incəsənətinin motivlərindən istifadə olunur. Yerli mebel sənayesi inkişaf etmişdir. Yerli ustaların (boyakar A. Peyn) "sadəlövh sənət"i yayılmışdır. Barbadosda hər il "Holders-sizon" musiqi-teatr festivalı və caz festivalı keçirilir. (hər ikisi 199-cu ildən).
Dil
[redaktə | mənbəni redaktə et]Ölkənin rəsmi dili ingilis dilidir və bu dil adanın müxtəlif dövlət idarələrində, ictimai yerlərində istifadə edilir. İstifadə britaniya ingilis lahçəsi kimi deyil.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Barbados ədəbiyyatının təşəkkülü milli azadlıq hərəkatının təsiri ilə 20 əsrin 40–50-ci illərində başlamışdır; ingilis dilində inkişaf edir. İrqi ayrı-seçkilik, zəncilərin öz hüquqları uğrunda mübarizəsi, patriarxal kəndli həyatının ideallaşdırılması Barbados ədəbiyyatının əsas mövzusu idi. Nəşr imkanlarının olmaması və digər çətinliklər nəticəsində bir çox yazıçı ölkəni tərk etmişdi; odur ki, mühacirət mövzusu da bədii yaradıcılıqda geniş yer tuturdu. Mühacirlərdən C. Lemminq ("Mühacirlər", 1954; "Mənim soyköküm", 1971 və s.) və O. Klarkın ["Görüş yeri" (1967), "Uğura həmlə" (1973), "Daha gur işıq" (1975) trilogiyası] romanları şöhrət qazanmışdır. Poeziyada Vest-Hind motivləri mühüm yer tutur. E. K. Breytueyt, P. Blekmen, H. A. Voan, C. Dreyton, F. E. Kollimor və b. şairlər Barbados ədəbiyyatının tanınmış nümayəndələridir.
Din
[redaktə | mənbəni redaktə et]Əksər Afrika və Avropa mənşəli barbadoslular xristian (95%) dininə sitayiş edir və onlardan çoxu katolik məzhəbinə qullluq edirlər.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Sovet Ensiklopediyası II hissə 26-cı səhifə.
- ↑ 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 195–199. ISBN 978-9952-441-07-9.