Biyar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri.

Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu.

Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər. XX əsrin əvvəllərində Azərbaycanda biyar tamamilə ləğv edildi.

  • Azərbaycan Milli Ensiklopediyası, IV cild. Bakı,2013, səh.166.