Henrik Pontoppidan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Henrik Pontoppidan
dan. Henrik Pontoppidan
Doğum tarixi 24 iyul 1857(1857-07-24)[1][2][…]
Vəfat tarixi 21 avqust 1943(1943-08-21)[3][1][…] (86 yaşında)
Fəaliyyəti yazıçı, romançı, avtobioqraf[d], şair
Fəaliyyət illəri 1881–1943
Əsərlərinin dili Danimarka dili
Janr nəsr
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henrik Pontoppidan (dan. Henrik Pontoppidan; 24 iyul 1857[1][2][…]21 avqust 1943[3][1][…]) — danimarkalı yazıçı, romançı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917).

Danimarka romançısı Henrik Pontoppidan Yutland yarımadasında, 16 uşaqlı keşiş ailəsinin dördüncü övladı kimi dünyaya gəlmişdi. Atası din adamı olsa da, mütərəqqi baxışları və açıqfikirliliyi ilə tanınırdı. O, lüteran ideyalarını Danimarka milliyyətçiliyi ilə birləşdirmək xəyalında idi. Henrix atasının fikirlərinə hörmətlə yanaşırdı, lakin oxumuş, ziyalı qadın olan anası ilə daha çox ünsiyyət saxlayırdı.

Lüteran kilsəsi geniş imkanlara malik olduğundan Pontoppidan ailəsi ehtiyacdan uzaq idi. Buna baxmayaraq Henrik gələcəyini kilsə ilə bağlamaq niyyətində deyildi. Cəmiyyətə fayda gətirmək üçün texniki ziyalı olmağı sərfəli saydığından təhsilini politexnik institutunda davam etdirmək qərarına gəlmişdi.

Paytaxta gəldikdən sonra Henrik əyalət mühiti ilə əlaqələrini kəsdi. Mədəni-mənəvi inkişafı ilə məşğul olmağa başladı. İsveçrəyə səyahəti (1877) və orduda xidməti gələcək yazıçının fikri inkişafında ciddi təbəddülat yaratdı. Görkəmli ədəbiyyatşünas Georq Brandesin mühazirələri Pontoppidanın Danimarkanın hansı tipli ədəbiyyata ehtiyac duyması ilə bağlı qənaətlərini aydınlaşdırdı.

Brandes XIX əsrin son onilliklərində Hans Kristian Andersenlə birlikdə ölkədəki ədəbi dirçəlişin beşiyi başında dayanmışdı. O, yeni ədəbiyyat yaratmaq üçün Danimarka yazıçılarını yersiz idilliya və romantizmdən uzaqlaşmağa, Emil Zolya kimi naturalizmə üz tutmağa, cəmiyyətdəki sosial problemlərə diqqət yetirməyə çağırırdı. Pontoppidanın 1884-cü ildə tanış olduğu Georq Brandes sonralar "Vəd verilmiş torpaq" trilogiyasının (1891-1895) əsas qəhrəmanı Emmanuelin prototipinə çevrilmişdi.

Gələcək yazıçı siyasi mübarizələri də maraqla izləyirdi. İri burjuaziya və zadəganları müdafiə edən mühafizəkarlarla azad, demokratik dəyərlərə çağıran müxalifətin parlament debatlarında o, ikincilərin tərəfində idi.

Pontoppidan fikirlərini daha geniş auditoriya ilə bölüşmək üçün mütləq yazıçı olmaq qərarına gəlmişdi. Bu məqsədlə Politexnik institutunu atmış, qardaşının açdığı kənd məktəbində müəllimlik etməyə başlamışdı. Öz etirafına görə, hər şeydən çox kəndlilərin yaşamı ilə maraqlanır, hər şeydən çox cəmiyyətdəki qeyri-bərabərliklərə hiddətlənirdi. Həyatı təkcə həyatın özündən deyil, həm də ədəbiyyatdan öyrənirdi — rus yazıçısı Fyodr Dostoyevskinin romanlarını, Fridrix NitsşeninSeren Kyerkeqorun fəlsəfi əsərlərini oxuyurdu.

Pontoppidan ilk bədii təcrübəsini — "Həyatın sonu" hekayəsini 1881-ci ildə çap etdirmişdi. Eyni ildə "Kəsilmiş qanadlar" adlı novellalar məcmuəsi işıq üzü görmüşdü. Nəhayət, həmin ildə o, müəllimlik dövründə tanış olduğu kəndli qızı Matta Meri Xansenlə evlənmişdi. Şəxsi bioqrafiyasından götürərək ümumiləşdirdiyi hadisə və yaşantıların, eləcə də XIX əsrin ikinci yarısındakı Danimarka həyatının geniş dini, siyasi və sosial lövhələrinin əks olunduğu "Vəd verilmiş torpaq”" (1891-1895) trilogiyası Pontoppidanın epik istedadını üzə çıxardı.

1893-1904-cü illər arasında yazıçı 8 cildlik "Xoşbəxt Pyer" roman-epopeyasını çap etdirdi. İlk romanındakı idealist Emmanueldən fərqli olaraq Pyer illüziyalara qapılmayan, fəal həyat mövqeyi və realist təfəkkürü ilə seçilən yeni tipli qəhrəman idi. Lakin sonda o da əsaslı dəyişikliyə nail olmadan əski həyata qayıtmaq məcburiyyəti qarşısında qalırdı. Qəhrəmanın düşdüyü bu çıxılmaz vəziyyət ilk növbədə cəmiyyətin özündən irəli gəlirdi.

Pontoppidanın üçüncü epik əsəri 5 cildlik "Ölülər səltənəti" (1912-1916) romanı idi. Əvvəlki iki epopeyadan fərqli olaraq burada, ümumiyyətlə, hadisələrin mərkəzində dayanan hansısa əsas qəhrəman yox idi. Müəllif çoxsaylı personajların timsalında cəmiyyətin sosial panoramını yaratmağa daha böyük üstünlük vermişdi.

Həmvətəni Karl Adolf Gellerup ilə birlikdə Henrik Pontoppidan 1917-ci ildə Nobel mükafatı laureatı oldu. İsveç tənqidçisi Sven Sederman həmin günlərdə onu "müasir Danimarka romançılarının ən yaxşısı" adlandırmış, bütün yaradıcılığının "saxta, aldadıcı illüziyalara, yalançı avtoritetlərə, mənəvi naqislik və qorxaqlığa qarşı mübarizə" üzərində qurulduğunu vurğulamışdı.

Ötən əsrin 30-40-cı illərində Pontopiddan son iri həcmli əsərini — beş cilddən ibarət avtobioqrafik epopeyasını — "Yeniyetməlik illəri" (1933), "Dəyişilmə" (1936), "İrs və borc" (1938), "Ailə həyatı" (1940), "Özümə doğru yol" (1943) romanlarını və Birinci Dünya müharibəsi ərəfəsində Danimarka intellektuallarının mənəvi böhranından söz açan "İnsanın səması" (1927) əsərini çap etdirmişdi. Onun romanları bu gün də ölkəsini və insanlarını tanıdan bədii sənədlər kimi əhəmiyyətini qoruyub saxlamaqdadır. Nobel laureatı — Tomas Mann danimarkalı həmkarını "anadangəlmə epik şair" adlandırmışdı. "Heç bir Danimarka yazıçısı öz dövrünü, problemlərini, müasirlərinin həyatını Pontoppidan qədər dəqiq, əhatəli və bədii mükəmməlliklə əks etdirə bilməmişdir" - bu isə Danimarka mənşəli amerikan tənqidçisi Sven Rosselin fikridir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Henrik Pontoppidan // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Понтоппидан Хенрик // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]