Lorenzo Ebesilyo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lorenzo Ebesilyo
Ümumi məlumatlar
Doğum tarixi 24 sentyabr 1991(1991-09-24)[1][2][…] (33 yaş)
Vətəndaşlığı
Boyu 177 sm
Çəkisi 79 kq
Mövqeyi cinah yarımmüdafiəçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lorenzo Ebesilyo (nid. Lorenzo Ebecilio; 24 sentyabr 1991[1][2][…]) — holland futbolçu.

Lorenzo Ebesilyo 24 sentyabr 1991-ci ildə Hollandiyanın Horn şəhərində anadan olub. Futbolçu, peşəkar karyerasında "Ayaks"da başlayıb. Bu komandada 38 oyunda meydana çıxan və 9 qola imza atan Ebesilyo, Amsterdam klubuyla iki dəfə Hollandiya çempionu olub. Bu ilin qışında Donetsk "Metallurq"una transfer olunan Lorenzo, 6 ayda 6 oyuna çıxıb və rəqib qapısına yol tapa bilməyib. İyunun 5-dən "Qəbələ"nin oyunçusudu. Hollandiyanın U-17, U-19 və U-21-də oynayan Ebesilyo, Çempionlar Liqasında da 9 oyunda meydana çıxıb. Bir-iki əlavəni çıxmaqla, bu futbolçu haqda dolğun məlumat almaq istəyənlər, daha geniş axtarış əhatəsinə malik olmalıdılar. Elə biz də "Vikipediya"yla kifayətlənməyib, Ebesilyonu başqa mənbələrdən, daha yaxından tanımağa çalışdıq. Nələr çıxdı ortaya, nələr…

"Dramatik" debüt və dayısıyla birlikdə start heyətində! Cəmi 22 yaşı olsa da, Lorenzonun çox maraqlı həyat tarixçəsi var. Futbola lap kiçik yaşlarından həvəsli olan Ebesilyonun bu oyunu sevməkdən başqa çarəsi olmayıb. Nənəsi Surinamın qadınlardan ibarət yığmasında top qovan holland futbolçunun dayısı — İbad Mahamadu — da eyni peşənin sahibi olub. O, vaxtilə "Tvente" və "Villem II"-nin şərəfini qoruyub, Belçikanın aşağı dəstəsindən tutmuş ABŞ MLS liqasına qədər xeyli yerdə çıxış edib. Ancaq hazırda 32 yaşı olan bu adamın ümumiyyətlə harda olduğu, nə işlə məşğul olduğunu heç "Google" da bilmir. Gərək imkan düşəndə Lorenzonun özündən soruşaq. Qohum məsələsi burda bitmir. Özündən kiçik iki bacısı olan Ebesilyonun, özündən cəmi bir yaş böyük olan dayısı da varmış. Özü də futbolçu. Roland Alberqi türk futbolunu yaxından izləyənlər "Elazığspor"da görə bilərdilər. Hazırda "Den Haaq"da top qovan 23 yaşlı yarımmüdafiəçi, futbola Lorenzoyla birlikdə başlayıb və davam etdirib.

2012-ci ilin martında Ebenin arzusu yerinə yetir. Üstəlik, dünya futbolu tarixində qeyri-adi bir hadisə baş verdi — meydanda eyni komandanın heyətində dayı və bacıoğlu top qovurdu. Hollandiya və Danimarkanın gənclərdən ibarət komandalarının yoldaşlıq görüşündə hər iki futbolçu sonradan meydana çıxdılar.

Belə yaxın qohumlarının futbolun içində olması balaca Lorenzonun taleyini müəyyənləşdirib. Doğulduğu Şimali Hollandiyanın Hoorn şəhərinin (bu şəhər həm də "Ayaks" və Hollandiya futbolunun ən məşhur simalarından ikisi — Ronald və Frank De Bur qardaşlarının doğulduğu yerdi. Daha bir maraqlı məqam isə məhz Frankın "Ayaks"ın başına keçən kimi Lorenzonu əsas heyətə dəvət etməsidi) yerli həvəskar "VV Blokers" klubuna artıq 4 yaşında adı yazdırılan balaca, ilk oyunundaca qol vurub. Amma öz qapısına. O yaşda futbol qaydalarını hələ yaxşı baaş düşməyən Ebesilyo, hətta nəsə yaxşı iş gördüyünü düşünərək, sevinməyə başlayıb, qolu bayram etmək xeyli ora-bura qaçıb.

Belə "dramatik" debütə baxmayaraq, tezliklə Lorenzonun başqaları ilə müqayisədə xeyli üstünlükülərinin olduğu ortaya çıxır. O, daha güclü və texnikalı idi. Öz yaşıdlarından əlavə, daha böyük uşaqlarla top qovan qəhrəmanımız, bir gündə iki matça çıxmaqdan belə çəkinmədiyini xatırlayır. "Hoorn"dakı 4 ildən sonra "HVV Holland"a gəlir. 11 yaşında AZ Alkmaar-da sınaqdan keçən Ebesilyo burda çox bəyənilib. Ancaq məşqçilərin rəğbətini qazanan Lorenzo ciddi sağlamlıq problemi səbəbindən klubu tərk edib, "Holland"a qayıtmalı olur.

27 oktyabr 2005-ci ildə, diş həkiminin qəbul olduğu vaxtda 14 yaşlı Lorenzo infarkt keçirir və ürəyinə implant defibrilyatorla gəzməyə məcbur olur. Bu hadisənin onun atasının ölümündən bir neçə ay sonra baş verməsi də qeyd ediləsi məqamdı. Anasının tələbiylə "AZ Alkmar"dan ayrılmalı olan gənc futbolçu, "HVV Hollandia"ya qayıdır. Ancaq çox keçməmiş "Ayaks" ona öz akademiyasında yerləşmək təklifi verir. Futbol oynamaqda israrlı olan Ebesilyo, dərhal razılıq verir və daha şansını əldən vermir. Ovaxtdan bu yana onun ürəyiylə bağlı hansısa problemi yoxdu. Cəmi bir ildən sonra "Ayaks" ona beş illik müqavilə təklif edir.

"Ayaks" akademiyasındakı yaxşı oyunuyla Ebesilyo aşağı yaş qrupları üzrə yığmaların məşqçilərinin diqqətini özünə cəlb etdi. 2008-ci ildə o, Türkiyədə keçirilən U-17 Avropa çempionatına yollanır, iki il sonra isə U-19-da debüt edir. 2010-cu ildə doğma Horn şəhərində "ilin idman adamı" seçilən Ebesilyo üçün həmin il çox yaxşı keçdi. Martin Yolla yollarını ayıran "Ayaks", komandanın başına Frank de Buru gətirir. O isə işinə Çempionlar Liqasında "Milan" üzərində qələbəylə başlayır. Növbəti oyunda isə mütəxəssis gənc Ebesilyoya debüt etmək şansı verir. Futbolçu Hollandiya çempionatında "Vitess"ə qarşı oyunda start heyətində, sol vinger mövqeyində meydana çıxdı. "Özünə inan və qarşına hədəflər qoy" şüarını həyatına əsas sayan Ebesilyo, karyerası ərzində müxtəlif mövqelərdə oynayıb: sağ cinah müdafiəçisindən sağ və sol vinqerlər, ikinci hücumçu, cinah yarımmüdafiəçisinə qədər.

2011-ci ilin yayında "Çelsi" və "Liverpul" kimi ingilis nəhənglərinin maraqlandığı futbolçu, "Ayaks"ın şərəfini qorumağı üstün tutur. Bu ilin qışında isə amsterdamlıların heyətindən ayrılan futbolçu, əvvəlcə "Metallurq"a, sonra isə "Qəbələ"yə gəlir. Bu ayrılıqların səbəbi isə sadə olur. Ebesilyo əsas heyətdə oynamaq, yüksəlmək istəyir, komandalar isə ona bu şansı vermirdilər.

Ebesilyonu az qala bütün sosial şəbəkələrdən görmək olar. "Feysbuk", "Tvitter" və "İnstaqram"da profilləri olan və onları mütəmadi yeniləyən futbolçu, xeyli izləyiciyə malikdi. Məsələn, məhz onun səhifələri vasitəsilə öyrəndik ki, Lorenzo milli komandaların oyunu üçün verilən fasiləni əla dəyərləndirib və dünyaca məşhur İbitsa çimərliyinə baş çəkib.

Uşaqlığı 90-cı illərdə keçdiyindən kumirləri də müvafiqdi. Braziliyalı Ronaldonu xeyli bəyənən, ona meydanda da oxşamağa çalışan Lorenzo, bir müddətdən sonra bunun mümkünsüzlüyünü anlayır. Romario və Zidanı da özünə nümunə sayan Ebesilyo, hazırda Leo Messi və Fernando Torresi izləməkdən zövq aldığını deyir.

Ebenin musiqi zövqü bir qədər fərqlidi. Əsasən, rep, hip-hop tərzini bəyənən oyunçu, Aşer, Trey Sonqz və Lil Veynin mahnılarına qulaq asır.

Ebesilyonun futbol sevgisi: "Xəstəxanada həkimlər dedilər ki, daha heç vaxt futbol oynamayım, yoxsa ölə bilərəm. Bu cümlə bir qulağımdan girib, obirisindən çıxdı. Hamı deyir ki, sağlamlıqdan vacib heç nə yoxdu. Ancaq futbol oynaya bilməyəcəmsə, yaşamaq nəyimə lazımdı? Başqa yerdə ölmək əvəzində futbol meydançasında dünyamı dəyişməyi daha üstün tuturam. Ovaxt da belə düşünürdüm, indi də eyni fikirdəyəm".

  1. 1 2 Lorenzo Ebecilio // Transfermarkt (çd.). 2000.
  2. 1 2 LORENZO EBECILIO // Argentine Soccer Database (isp.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]