Malaxit
Malaxit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Cu₂(CO₃)(OH)₂ |
Strunz təsnifatı | Vb/B.01[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | yaşıl |
Sıxlıq | 3,85 ± 0,1 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Malaxit – Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Bu qeyri-şəffaf, yaşıl zolaqlı mineral monoklinik kristal sistemində kristallaşır və ən çox su təbəqəsi və hidrotermal mayelərin kimyəvi çökmə üçün vasitələr təmin etdiyi sınıqlarda və dərin, yeraltı boşluqlarda botrioidal, lifli və ya stalagmitik kütlələr əmələ gətirir. Fərdi kristallar nadirdir, lakin acicular prizmalara qədər incə olurlar. Daha çox cədvəlli və ya bloklu azurit kristallarından sonra psevdomorflar da baş verir.[2]
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – parlaq-yaşıl, tünd-yaşıl, qaramtıl-yaşıl, bozumtul-yaşıldan ağadək; konsentrik-zonal aqreqatları müxtəlif rəngə boyanmış zonaların növbələşməsi ilə səciyyələnir; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – aqreqatlarda ipəyi (məxməri malaxit), tutqun, kristallarda–şüşə; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 4,0; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {010} üzrə orta; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, iynəvari; İkiləşmə: {100} üzrə; çox vaxt qarşılıqlı nüfuzetmə, nisbətən az hallarda–polisintetik; Mineral aqreqatları: radial-şüalı quruluşlu böyrək-və salxımvari əmələgəlmələr, sızmalar, torpaqvari (mis yaşıllığı), sıx kütlələr, stalaktitlər, qabıqlar, qaysaqlar, yaxmalar, aruzit, kuprit, sərbəst mis və b. üzrə psevdomorfozalar. Malaxitin çəkisi bir neçə tona çatan qaymaları məlumdur, onlardan ən böyüyü (çəkisi 300 t) Uralda Mednorudyanski yatağında tapılmışdır.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Mis yataqlarının tipik hipergen mineralı olub, ilkin missaxlayan mineralların oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: azurit, xalkopirit, bornit, xalkozin, kovellin, kuprit, tenorit, sərbəst mis, hötit, hidrohötit və b. Mineralın tapıldığı yerlər: Qumeşovski və Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Filizli dağlar (Almaniya); Lion yaxınlığında Şessi (Fransa); Sumeb (Namibiya); Broken-Xill (Avstraliya) və b. Azərbaycanda çoxsaylı malaxit təzahürləri vardır ki, bunların da əksəriyyəti (Mehrili, Barsum-Cəgir sahəsinin bir sıra təzahürləri) Gədəbəy və Şəmkir rayonlarında yerləşir. Malaxit az miqdarda filiz yataqlarının çoxunun (Filizçay, Katex, Paraqaçay, Gədəbəy, Daşkəsən, Bittibulaq, Mehmana və s.) oksidləşmə zonalarında aşkar edilmişdir.Dağlıq Qarabağ və bəzi başqa məntəqələrdə rast gəlir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Mineralın böyük sıx konsentrik-zolaqlı əmələgəlmələri qiymətli dekorativ və məmulat materialıdır. Sankt-Peterburqdakı (Rusiya) bütün dünyada məşhur olan İsaakiyev baş kilsəsinin sütunlarına, Qış sarayının Malaxit zalına malaxitdən üz çəkilmişdir. Ondan güldanların, mücrülərin və müxtəlif məmulatların, bəzən zərgərlik əşyalarının hazırlanmasında istifadə olunur. Mis yaşıllığının iri yığınlardan başqa hipergen Cu mineralları ilə birlikdə mis filizi kimi istifadə edilir. Malaxit bəzən boya istehsalında tətbiq olunur. Bundan əlavə gizli mis filizləşməsinin indikator mineralı kimi onun mühüm axtarış əhəmiyyəti vardır.
İnsan orqanizminə əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Malaxit - çoxdan astmaya, revmatizmə, diş ağrısına, zəhərlənmələrə, aybaşı pozuntularının aradan qaldırılmasına, yaraların sağalmasına kömək edərək sağlamlıq daşı hesab edilir. Bu daşın rəngi nə qədər açıq çalarlı olarsa, onun müalicəvi qabiliyyəti də o qədər güclü olar. Sönük-yaşımtıl daşlar ürək və qan damarları üçün faydalıdır. Daha tünd daşlar isə birbaşa ürək əzələlərinə təsir göstərir. Hesab edilirdi ki, mis çərçivə içərisində malaxit olan medalyon revmatizm və radikuliti müalicə edir. Gümüşü çərçivə isə bu daşın müalicəvi xüsusiyyətlərini gücləndirir[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- ↑ Malachite, Dictionary.com
- ↑ "Qiymətli daşlar (2-ci hissə)". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-30.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.