Manarola
Manarola (yerli dialektdə: Manaea) — İtaliyanın şimalında, Liquriya inzibati rayonunun Spetsiya əyalətinin Riomaccore kommunasında kiçik şəhər. Bura Çinkve-Terre milli parkında yerləşən şəhərlər arasında turistlərin ən çox ziyarət etdiyi ikinci kiçik şəhərdir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Manarola Çinkve-Terredəki şəhərlərin ən qədimi hesab edilir. Buradakı San Lorentso kilsəsinin təməl daşı 1338-ci ildə qoyulub.
Yerli dialekt manarolez adlanır və ətraf bölgələrin dialektindən kəskin fərqlənir. Ehtimal edilir ki, "Manarola" sözü latın dilindəki "magna rota" sözlərinin təhrif olunmuş formasıdır. Şəhərdə yerləşən dəyirmanın çarxı ilə əlaqədar olaraq manarolez dialektində bu ifadə "böyük çarx" mənasını verən "magna roea" şəklinə düşmüşdür.
Manarolanın yerli sənaye sahələri ənənəvi olaraq balıqçılıq və şərabçılıqdır. Yerli şərab növü "Sçiaççetra" adlanır və bu bölgədə hazırlanan şərablar Qədim Roma dövründən məşhurdur.
Son illərdə Manarola və qonşu şəhərlər, xüsusilə yay aylarında turistlər arasında böyük populyarlığa malikdirlər. Turist attraksionları arasında Manarola və Riomaccore arasındakı "Via dell'Amore" (azərb. "Sevgi cığırı") adlanan yol, digər gəzinti yolları və şəhərin yuxarısında yerləşən üzüm bağları var. Manarola bölgədəki 5 kənddən biridir. Buradakı evlərin böyük əksəriyyəti parlaq rənglərə boyanmışdır.
Manarola rəssamlar Llevelin Lloyd (1879-1949) ("I ponti di Manarola" (azərb. "Manarolanın körpüləri", 1904), "Tramonto a Manarola" (azərb. "Manarolada günəşin batması", 1904) və Antonio Diskovolonun (1874-1956) əsərlərində təsvir olunmuşdur.
Maraqlı məlumatlar
[redaktə | mənbəni redaktə et]- Half-Life 2: Lost Coast video-oyununda Manarolaya bənzər bir şəhər təsvir olunub.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]