Nadir Əbdürrəhmanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nadir Əbdürrəhmanov
1961 – 1979
ƏvvəlkiMəmmədağa Tərlanov
SonrakıTokay Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1925(1925-12-05)
Doğum yeri
Vəfat tarixi 26 iyun 2008(2008-06-26) (83 yaşında)
Vəfat yeri
Təhsili
  • İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası[d]
Fəaliyyəti rəssam

Təltifləri "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı Azərbaycan SSR Dövlət mükafatı
"Şöhrət" ordeni — 2005 "Şərəf nişanı" ordeni

Nadir Qəmbər oğlu Əbdürrəhmanov (5 dekabr 1925, Abdallar, Kürdüstan qəzası26 iyun 2008, Bakı) — rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor

Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir.

O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.

Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir.

O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur.

1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır.

11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[1]


O, 2008-ci il, iyulun 26-da vəfat edib.[2]

Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olmuşdur. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilmişdir.

Azərbaycan torpağının əsrarəngiz gözəllikləri və müasirlərin qurub yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olmuşdur. Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. Nadir Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yaddaqalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Nadir Əbdürrəhmanovun Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında xidmətləri də təqdirəlayiqdir. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır. Onun həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirmişdir.

Nadir Əbdürrəhmanov özünün çoxillik zəngin sənət təcrübəsini gənc rəssamların hazırlanmasına sərf edərək milli rəssamlıq məktəbinin inkişafına töhfələr vermişdir.

Tanınmış fırça ustası Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərmişdir.

Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Müstəqil respublikamızın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülməsi sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.

  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
  2. "Nadir Qəmbər oğlu Əbdürrəhmanov". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]