Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti
Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti | |
---|---|
59°57′ şm. e. 30°19′ ş. u.HGYO | |
Əsası qoyulub | 1930 |
Tip | dövlət ali məktəbi |
Tələbə sayı | 10.000 |
Ölkə | |
Ünvan | Rusiya, Sankt-Peterburq şəhəri |
Sayt | sut.ru |
Vikianbarda əlaqəli mediafayllar |
M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti (rus. Федеральное государственное образовательное бюджетное учреждение высшего профессионального образования "Санкт-Петербургский государственный университет телекоммуникаций им. проф. М.А. Бонч-Бруевича" (СПбГУТ)) — Rusiyada universitet; telekommunikasiya sahəsində mütəxəssislər hazırlayan məşhur ali təhsil ocaqlarından biri.
Tarixi və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Universitet 1930-cu ildə Leninqradda radiotexnika və telekommunikasiya üzrə xüsusi ali təhsil müəssisəsi adı ilə fəaliyyətə başlayıb. Bir müddət sonra ali məktəb Leninqrad Elektrotexnika İnstitutu adlandırılır. İnstitut 1994-cü ildən universitet statusu qazanaraq M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti kimi tanınır. Ali məktəb 1993-cü ildən Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqal, İsveçrə, İsveç və Finlandiyanın aparıcı ali təhsil müəssisələrinin daxil olduğu Avropa Universitetləri və İnformatika və Telekommunikasiya Kampaniyaları Assosiasiyasının(EUNICE) üzvüdür.
Universitet maarifləndirici xidmətlər sferasını daim genişləndirir, tədris planlarını yeniləyir və təkmilləşdirir. Hazırda təlim 15 hazırlıq istiqamətini və 20-dən çox texniki, iqtisadi və humanitar ixsisası əhatə edir. Mütəxəssislərin hazırlıq keyfiyyətin artırılmasını daim diqqətdə saxlayan universitet çoxpilləli təhsil strukturunu tətbiq edir: məktəb — lisey — kollec — ali məktəb. Ali məktəbdən sonrakı təhsil üzrə aspirantura və doktorantura pillələri, həmçinin ixtisasın artırılması üzrə maarifləndirici proqramlar təqdim edilir. Universitetdə maarifləndirici proses sahənin baza müəssisələri ilə sıx əlaqə əsasında həyata keçirilir.
"Telekommunikasiya sistemləri" Elmi-Tədqiqat İnstitutu, "Rostelekom" Açıq Səhmdar Cəmiyyəti, LONİİR, Meqafon, "Lentelefonstroy" şirkəti, "Telekominvest" Açıq Səhmdar Cəmiyyəti, "Simens-AQ" firması (Almaniya), "Alkatel" Qapalı Səhmdar Cəmiyyəti, "Naviqator" VNİİRA, "Rubin" Elmi-Tədqiqat İnstitutu, "Vımpelkom" ASC, "Tele 2" ASC və s. ali məktəbin partnyorları sırasına daxildir.
Bu gün universitetdə Arxangelsk və Smolensk şəhərlərindəki filiallar daxil olmaqla əyani, axşam və qiyabi bölmələr üzrə 9 000-dən çox tələbə təhsil alır. Ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan 456 müəllimin 53-ü elmlər doktoru, 270-i isə elmlərin namizədidir.
Universitetin tələbələri tədris, diplom işlərinin yazılışı, EUROMASTER magistri elmi dərəcəsinin alınması istiqamətləri üzrə digər ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq imkanlarına malikdirlər. Mübadilə aspirantlar və stajorlar tərəfindən təşkil edilir. Universitetdə mühazirələrin oxunması, birgə elmi araşdırmaların və seminarların keçirilməsi işində əcnəbi təcrübəli müəllimlər də iştirak edirlər.
Universitetin tələbələri dolğun ictimai və mədəni həyat yaşayırlar. Ali məktəbdə Tələbə şurası, universitetin Həmkarlar İttifaqı Komitəsinin tələbə sektoru, xarici tələbələr şurası aktiv şəkildə fəaliyyət göstərir, çoxtirajlı "Rabitəçi" qəzeti nəşr etdirilir.
Ali məktəbin videostudiyasında sahə ilə maraqlanan tələbələr televiziya proqramlarının, videosüjetlərin, multimedia təqdimatlarının yaradılmasında, ssenarinin yazılışında və ya süjetin konsepsiyasının hazırlamasında özlərini sınaya bilərlər.
Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində bir neçə tədris korpusu, konfrans zalları, ən müasir auditoriyalar, idman zalı, çox gözəl elmi-texniki kitabxana, tələbə yataqxanaları, istirahət bazası tələbələrin və universitetin əməkdaşlarının ixtiyarına verilib. Multimedia auditoriyaları elektron formada mühazirə oxumağa imkan verir. Universitetdə yaradılan sözügedən müasir tədris imkanı dünyanın istənilən nöqtəsində olan tələbələr üçün çox əlverişlidir.
Eyni zamanda universitetin bütün ərazisi Wi-Fi zonası ilə əhatə edilib. Ali məktəbin ərazisində simsiz şəbəkənin tətbiqi tələbələrə, müəllimlərə və əməkdaşlara internetə çıxışa malik olmaqla yanaşı WiFi zonasında istənilən yerdə lokal universitet şəbəkəsinin resurslarından istifadə etmək imkanını təqdim edir. Hazırda internetə giriş nöqtələri Bolşevikov 22 prospektindəki binada qurulub. Şəbəkəyə qoşulma veb-avtorizasiya əsasında həyata keçirilir. Simsiz şəbəkədən universitetin tələbələri, əməkdaşları və qonaqları pulsuz istifadə edirlər.
2009-cu ildən ali məktəbdə Elmi-tədqiqat İnnovasiya Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəzin əsas hədəfi sənaye və biznes üzrə elmi hazırlamaların tətbiqindən ibarətdir. Burada tələbələrə tədqiqatlar vasitəsilə təhsil almağa, istehsalın və biznesin elmi praktik məsələlərinin həlli prosesində yaxından iştirak etməyə imkan yaradılır.
Təhsil strukturu
[redaktə | mənbəni redaktə et]Hazırda Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində 11 fakültə fəaliyyət göstərir:
Rabitə şəbəkələri, kommutasiya və hesablama texnikası sistemləri fakültəsində kommutasiya və informasiya bölgüsü sistemləri, rabitə şəbəkələri, diskret məlumatların emalı və ötürülməsi, rəqəmli və hesablama texnikası və informatika sahələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.
Çoxkanallı telekommunikasiya sistemləri fakültəsində ötürülmənin çoxkanallı sistemləri, rabitə xətləri, telekommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi, rabitə və radiotexnikanın nəzəri əsasları, elektron qurğuların texniki sxemi ixtisasları üzrə tədris həyata keçirilir.
İnformasiya sistemləri və texnologiyaları fakultəsi informasiya idarəetmə sistemləri və informasiya sistemlərinin təhlükəsizliyi üzrə mütəxəssislər hazırlayır. Radio rabitəsi, televiziya və multimedia texnologiyaları fakultəsinə televiziya və videotexnika, radioqəbul, yayım və elektromaqnit uyğunluq, radio ötürücü qurğular və hərəkətli rabitə vasitələri, metrologiya, standartlaşdırma və sertifikatlaşdırma, rəqəmli siqnalların emalı, texniki elektrodinamik və antennalar, elektron və kvant cihazlar, radiotexnika sistemlərini ixtisasları daxildir.
İqtisadiyyat və idarəetmə fakültəsində isə iqtisadi nəzəriyyə və sahibkarlığın əsasları, ictimai-iqtisadi sistemlərdə idarəetmə və modelləşdirmə, rabitədə iqtisadiyyat və idarəetmə, iqtisadiyyatda informasiya texnologiyaları ixtisasları tədris olunur.
Rabitə vasitələri texnologiyaları və biotibb elektronikası fakültəsində rabitə müəssisələrinin avtomatlaşdırılması, maşın qrafikləri mühəndisliyi, elektron vasitələrin planlaşdırılması, elektron vasitələrin texnologiyası, mikroelektronika və materiallar ixtisasları yaradılıb.
Humanitar fakültəyə rus və xarici dillər, tarix və regionşünaslıq, ictimai-siyasi elmlər, fəlsəfə, bədən tərbiyəsi kafedraları daxildir.
Qeyd olunan fakültələrdən əlavə, universitetdə axşam və qiyabi təhsil, ixtisasın artırılması və mühəndislik sahəsi üzrə pedaqoji kadrların yenidən hazırlanması fakültələri, hərbi təhsil mərkəzi və fundamental hazırlıq departamenti fəaliyyət göstərir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 5 (752), 9 fevral 2013, səh. 33. (az.)