(Translated by https://www.hiragana.jp/)
Qobustan jurnalı
The Wayback Machine - https://web.archive.org/web/20140714133103/http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=516
   Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Aşıq ƏLƏSGƏR
(1821-1926)


S.ƏLƏKBƏR
İ­ŞIQ­LI ADAM


Qalina MİKELADZE
İ­LA­HI VER­GI­LI IS­TE­DAD


TA­HIR SA­LA­HOV:
"RƏSSAMA ALQIŞLAR BEŞ YÜZ IL SONRA QISMƏT OLUR"


Ədalət VƏLİYEV
"TEATR MƏ­BƏD­DİR" KON­SEP­Tİ­Nİ ÇÖ­ZƏR­KƏN


Nazif QƏHRƏMANLI
SI­NIQ BIR TA­LE NOT­LA­RI
(İb­ra­him Azə­ri)


MƏ­HƏB­BƏT ƏF­SA­NƏ­Lİ
BƏS­TƏ­KAR


Əsmər ABDULLAYEVA
R.Ə­FƏN­DININ ƏSƏR­LƏ­RIN­DƏ
AZƏR­BAY­CAN DE­KO­RA­TIV-TƏT­BI­QI SƏ­NƏ­TI


Kəmalə ƏLƏSGƏRLİ
XƏYYAM MİRZƏZADƏNİN
PEDAQOJİ PRİNSİPLƏRİNƏ DAİR BƏZİ QEYDLƏR


Mirzə TALIBOV
ŞE­DEVR ƏSƏR


İmruz ƏFƏNDİYEVA
HƏMIŞƏ AXTARIŞDA


Gül­şad BAX­ŞI­YE­VA
İNAM VƏ SƏNƏTDƏ ÖZÜNÜİFADƏ


Məlahət NƏJƏFOVA
XIX ƏSRIN SONU VƏ XX ƏSRIN ƏVVƏLLƏRINDƏ BAKI VƏ GƏNCƏDƏ APARILAN
YAŞAYIŞ TIKINTISININ KONSEPTUAL KÖKLƏRI


Ziyadxan ƏLİYEV
"SƏRT ÜS­LUB­"UN RO­MAN­Tİ­Kİ


Mehriban ƏHMƏDOVA
İSTEDADLI BƏSTƏKAR, PİANOÇU


Tamilla ABDULLAYEVA
TAT­YA­NA AĞA­BA­BA­YE­VA­NIN YA­RA­DI­CI­LI­ĞI
AZƏR­BAY­CAN BA­TI­KA SƏ­NƏ­TIN­DƏ


GENRİX BÜLL
TƏQLİDÇİ
hekayə


MÜS­LÜM MA­QO­MA­YE­VIN ME­MUAR­LA­RI


Svetlana KUROÇKİNA
ONUN ARDINCA ALQIŞLAR QOPDU


Aydın DADAŞOV
Ə­CAIB DÖV­RA­NIN MƏN­Z­ƏRƏ­SI


T.AYDIN
YARIMÇIQ QALAN UÇUŞ


Fərman RZAYEV
Nİ­ZA­Mİ GƏN­CƏ­Vİ VƏ MU­ĞAM SƏ­NƏ­Tİ


İntiqam MEHDİZADƏ
A­ZƏR­BAY­CAN HAM­LE­TI


Əzizə Mustafazadə Bakıda


Rafiq MUSAZADƏ
AŞIQ SƏNƏTİ VƏ ZƏRBİ MUĞAMLAR


Aydın TAĞIYEV
"QƏHRƏMANLIQDIR YAŞAMAQ…"



 

Rafiq MUSAZADƏ
AŞIQ SƏNƏTİ VƏ ZƏRBİ MUĞAMLAR


 

Aşıq yaradıcılığı Azərbaycan xalq professional musiqisinin mühüm bir sahəsini təşkil edir. Tarixin çox qədim dövrlərindən başlayaraq inkişaf edib gələn bu zəngin yaradıcılıq irsi bu gün də daim inkişaf etməkdədir.
Aşıq hələ qədim dövrlərdə ozan, bəlkə də ondan da əvvəllər daha müxtəlif adlarla adlandirilmiş və özündə sənətin üç növünü: musiqi, rəqs və şeri birləşdirən bir sənətkar olmuşdur.
Aşıqlıq sənəti əsil mənada şairlikdən fərqli olaraq saz çalmaq, rəqs etmək, oxumaq, şifahi xalq ədəbiyyatının nağıl, dastan və başqa növlərini toylarda, məclislərdə ifa edərək yaymaq deməkdir. Lakin bu ifaçı aşıqlar sırasında elə sənətkarlar da olmuşdur ki, onlar eyni zamanda yaratdıqları qoşmaları, dastanları ilə başqa peşəkar sənətkarlardan fərqlənmişlər.
Aşıq xalqın sevimlisi,onun qəlbinə, ürəyinə daha yaxın sənətkardır. Onlar həmişə xalqın şad və qəmgin günlərində xalqla birlikdə sevinib kədərlənmişlər. Məhz buna görə də aşıq ədəbiyyatı və aşıqlıq sənəti xalq arasında rəğbətlə qarşılanaraq yaşamış və bu gün də yaşamaqdadır.
Təsadüfü deyildir ki, keçən əsrin böyük mütəfəkkirlərindən olan Həsən bəy Zərdabi aşıq şerinə böyük qiymət verib, onun xalq içərisindəki hörmət və nüfuzunu dəfələrlə qeyd etmişdir.
"Bir baxın bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara! Bu zaman bu qulaq asanlar elə hala qəlirlər ki, bəistilahi türk ətin kəssən də xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, beş-on gün uşaqlar gecə-gündüz küçələrdə gəzəndə aşıqdan eşitdiyi qafiyələri oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini düzəldirlər"
Azərbaycan aşıqlarının xüsusi adət-ənənələri, qayda və qanunları vardır. Ustad aşıqlar öz əsərlərində aşıqlığın yüksək ənənəvi qanun-qaydalarından dəfələrlə danışaraq, cavan aşıqlara, aşıqla maraqlananlara, bu peşənin o qədər də asan olmadığını, bu sənətkarların bilik, bacarıq, yüksək əxlaq və mənəvi keyfiyyətlərlə başqalarından fərqləndiklərini göstərmişlər.
Azərbaycan aşıqlarının keçmiş əsrlərdəki nümayəndələri əsasən xalq yaradıcılığı nümunələrini ifa edən şəxsiyyətlər olmaqla bərabər, şifahi xalq şeri üslubunda yazan sənətkarların yaradıcılığını da geniş təbliğ edirdilər. Aşıq şerinin gözəl nümunələrini yaradan qədim sənətkarlar xalq içərisində "dədə" adlanir və onlara böyük kəramət sahibi kimi baxılırdı. Öz əsərlərini xalq ruhunda yazan Qurbani, Tufarqanlı Abbas və Xəstə Qasım kimi yaradıcı sənətkarların müəyyən hissəsi saz çalmaq, məclis keçirmək peşəsindən kənar olsalar da onların yaradıcılığı aşıq şerinin bütün xüsusiyyətlərinə uyğun olduğu üçün "ustad", "dədə", "aşıq" kimi adlarla şöhrətlənə bilmişlər. Bu hal indiki dövrə qədər davam etmişdir. Biz sonralar Saleh Şirvani, Vidadi, Vaqif, nəhayət Molla Cüma kimi xalq ruhunda yazıb yaradan savadlı şairlərin aşıq kimi tanindıqlarını, onların əsərlərinin aşıq repertuarlarında yer aldığını görürük.
Elə sənətkarlar da vardır ki, onlar yalnız aşıq musiqisi, aşıq havaları yaratmaqla məşğuldurlar. Gözəl saz havalarıni məharətlə ifa edən, lakin səsləri olmadığından məclisdə oxumayan bu sənətkarlar cavan aşıqlara saz çalmaq öyrətdikləri kimi, onlar özləri də yeni-yeni havalar düzəldib, klassik və müasir aşıqların yaratmış olduğu əsərlərini bu havalarda oxunması üçün aşıqlara böyük kömək edirlər.
Lakin elə aşıqlar da vardır ki, onlar yalnız aşıq tərzində yazan sənətkarların və ustad aşıqların yaratdığı qoşmaları, dastanları icra etməklə kifayətlənir, özləri yazıb - yaratmır, musiqi havaları düzəltmirlər. Belə sənətkarlar öz səslərinin məlahəti, aşıqlıq sənətində professional olmaq bacarıqları ilə şöhrətlənirlər. Gözəl səsə və məharətlə məclis keçirmək qabiliyyətinə malik olan belə sənətkarlar aşıq yaradıcılığının mühafizə edilməsində mühüm rol oynayırlar.
Lakin xalq yaradıcılığının inkişafında sənətin üç növünü birləşdirməyi bacaran, keçmiş aşıqların əsərlərini ifa etməklə bərabər özləri də yeni-yeni əsərlər yaradan, qoşma, gəraylı və dastanları ilə aşıq yaradıcılığını zənginləşdirən sənətkarlar tariximizdə mühüm yer tuturlar.
Aşıq sənətinin mühüm xüsusiyyətlərini qeyd etdikdən sonra şifahi ənənəvi professional musiqinin mühüm janrlarından sayılan "Zərbi muğamlar"ın bu sənətlə bağlılığını araşdırmağa çalışaq. Şifahi ənənəvi professional musiqinin aparıcı janrı olan muğam sənətinin inkişaf tarixinin tədqiqi göstərmişdir ki, Azərbaycanda zərbi muğamların bir janr kimi meydana gəlməsi XIX əsrin II yarısindan sonrakı dövrə təsadüf edir. Məlumdur ki, Azərbaycanda həm aşıq, həm də xanəndəlik sənətlərinin birgə yüksəlişi məhz bu dövrdən başlayaraq inkişaf etməyə başlayır. XIX əsrin axırlari və XX əsrin əvvəllərində demək olur ki, bütün Qafqazda muğam üçlüyündən ibarət olan sazəndə dəstəsi şöhrət tanır. Muğam ifaçılığı sənətində uğur qazanan sazəndə dəstəsi saatlarla ifa edilən muğamların əvəzinə yığcam yeni ifa növlərinin axtarışına meyl etməyə başlayırlar. Artıq XX əsrin əvvəllərində təşkil edilən "Şərq konsertləri", "Şərq gecələri" ifaçıları kiçik zərbi muğam nömrələri ilə çıxış etməyə çalışırdılar. Odur ki, sazəndə dəstəsi öz çıxışlarında zərbi muğamlara geniş yer ayırmağa üstünlük verirdilər.Gəlin XIX əsrin axırı XX əsrin əvvəllərində Apşeronda xüsusi nüfuza malik olan, gözəl muğam ustadı Mirzə Fərəc Rzayevin tərtib etdiyi cədvəldə o dövrdə ifa edilmiş zərbi muğamların adları ilə tanış olaq.
Zərbi muğamlar

Cədvəl №1

1.Kərəmi
2.Osman-Gərayi
3.Qəribi
4.Qara kürd
5.Arazbarı
6.Bayatı
7.Osmanlı
8.Cığatayı
9.Ovşarı
10.Şikəsteyi - Şirvan
11.Şikəsteyi - Fars
12.Qarabag şikəstəsi
13.Kəsmə şikəstə ( Sarı torpaq)
14.Əşiran
15.Keşişoğlu
16.Heydəri
17.Aşığı
18.Bağlama

Təqdim edilmiş cədvəldə aydın görünür ki, zərbi muğamların demək olar ki, hamısı qədim aşıq havalarından bəhrələnməklə meydana gəlmişdir. Sözsüz ki tarixən aşıq sənətindən sonra qələn xanəndə ifaçılıq sənəti aşıq musiqi yaradıcılığının zənginliklərindən istifadə edərək özünün repertuar bazasını artıra bilmişdir.
Cədvəldə adları çəkilən şikəstələr də qədim aşıq dastanlarının məhsulu sayılır.
XIX əsrin II yarısından sonra xanəndələr bu şikəstələri üçlükdə muğama xas olan sərbəst ritmdə ifa etməyə başlamışlar. Artıq XX əsrdə meydana qələn ansambllar və orkestrlərin müşayiəti ilə ifa edilən şikəstələr zərbin müşayiəti ilə ifa olunduqdan istər-istəməz zərbi muğamlar qrupuna aid edilmişlər.
Təəccüblü deyildir ki, biz M.F.Rzayevin "Zərbi muğamları" siyahısında Səmai-şəms, Mənsuriyyə və Heyratı kimi məşhur muğamlara rast qəlmirik. Çünki Səmai-şəms və Mənsuriyyə tarixən muğam dəstgahlarının şöbələri olmuş və burada xanəndənin oxuduğu muğamları müşayiət edən instrumentalcılar (tar və kamança) metro-ritmik şəkildə improvizasiyalı melodik rənglər və havalar ifa etmişlər. Belə ki, Səmai-şəms "Şur" dəstgahının tərkibində, Mənsuriyyə isə "Cahargah" muğamının daxilində ifa edilmişdir. Bununla yanaşı bu şöbələr ayrıca olaraq vokal-instrumental formada həm qramofon vallarında yazılmış və həm də konsert salonlarında zərbi muğam kimi ifa olunmağa başlanmışdır. "Heyratı" da "Mahur-Hindi" muğamı ifa edilərkən xanəndələr tərəfindən oxunmuş və sonralar ayrıca bir muğam nömrəsi kimi ifa edilmişdir. Yəni 1 №li cədvəldə sadalanan zərbi muğamlar sırf aşıq yaradıcılığı ilə bağlıdırsa Səmai-şəms və Mənsuriyyənin sazəndə dəstəsinin məhsulu olduğu fikrini söyləmək olur. "Heyratı" isə bir hərbi marş olduğundan bu hər iki sənətin istifadəsində olmuş və sonralar ancaq xanəndələr tərəfindən ifa edilərək bu qünümüzə qədər gəlib çatmışdır.
Zaman keçdikcə bütün sadaladığımız zərbi muğamlar tarixin süzgəcindən keçərək bir çoxları birləşmiş, bəziləri aşıq sənətində qərarlaşmış, bir qismisə xanəndə və ifaçılar tərəfindən zənginləşdirilərək inkişaf etdirilmişdir. Hazırda "Zərbi muğamlar" siyahısında 9 muğam mövcuddur:

Cədvəl №2

1. Mənsuriyyə
2. Səmai-şəms
3. Ovşarı
4. Osmani
5. Heydəri
6. Heyratı
7. Qarabaq şikəstəsi
8. Kəsmə şikəstəsi
9. Arazbari

Araşdırmalardan bəlli olur ki, zərbi muğamların meydana gəlməsində aşıq musiqi yaradıcılığının böyük rolu olmuşdur. Sözsüz ki, bu sahə hələ musiqişünaslarımız və tədqiqatçılarımız tərəfindən geniş işiqlandırılmamışdır. Əminik ki, qaldırılan problem gənc mütəxəssizlərimizi maraqlandıracaq və bu haqda geniş elmi araşdırmalar aparılacaqdır.