Aslan Hacızadə

Vikipediya, azad ensiklopediya
(Aslan Hacızadə (Berkan) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Aslan Hacızadə
Aslan Nəsib oğlu Hacızadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tərtər, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri İzmir, Türkiyə
Dəfn yeri
  • Soyuqquyu məzarlığı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Cümhuriyyəti (1918-1920)
Türkiyə Türkiyə (1920-1955)
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Xidmət illəri 1917-1955
Rütbəsi Albay
Döyüşlər Şamxor döyüşü (1917)
Qarabağ və Zəngəzur döyüşləri (1918-1920)
Gəncə üsyanı (1920)
Qarabağ üsyanı (1920)
Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923)
Şeyx Səid üsyanı (1925)

Aslan Hacızadə, Aslan Qarabağlı[1] və ya Aslan Berkan (1897, Tərtər7 may 1957, İzmir) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.

Şamxor döyüşündə, Qarabağ və Zəngəzur döyüşlərində, GəncəQarabağ üsyanlarında, iştirak edib.

Türkiyə İstiqlaliyyət Müharibəsində, Dumlupınar döyüşündə iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Aslan Nüsrət oğlu Hacızadə[1] 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində anadan olub[2]. 1917-ci ildə orta təhsilini bitirikdən sonra, könüllü olaraq hərbi xidmətə yollanaraq, Gəncədə yerləşən V Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb[2]. 1918-ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə daxil olub. Təhsilini topçuluq üzrə tamamladıqdan sonra zabit namizədi olaraq Azərbaycan Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib.

Şamxor döyüşü

[redaktə | mənbəni redaktə et]

Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər. Lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər. 1918-ci ilin yanvar ayının 9-da Gürcüstandan Azərbaycana keçən rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şamxor hadisəsinə səbəb oldu. Döyüşdə konüllü dəstələrlə birgə Aslan Hacızadənin xidmət keçdiyi V Yelizavetpol nişançı alayı da iştirak edib[3]. Tərksilah edilmiş rus ordusundan 20 ədəd top, 70 ədəd pulemyot, 15.000 ədəd tüfəng ələ keçirilərək Müsəlman Korpusunun tabeliyinə verildi[4].

Qarabağ döyüşləri

[redaktə | mənbəni redaktə et]

Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad etdikdən sonra, 1918-ci il sentyabrın 23-dən Qarabağdakı özbaşına erməni dəstələrini təmizləmək üçün Qarabağ hərəkatı başlayıb. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cəmil Cahid bəy komandanlıq edib. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi. Aslan bəy bu döyüşlərə baş leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyasının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçib. Əsgəran ətrafında baş vermiş güclü döyüşlərdən sonra oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyri kənd ətrafında şiddətli döyüşlər baş verib. 1918-ci il oktyabrın 8-də Qafqaz İslam Ordusu Şuşa şəhərinə daxil olub.

Gəncə və Qarabağ üsyanları

[redaktə | mənbəni redaktə et]

Aslan bəy Hacızadə əvvəlcə Gəncə üsyanında, daha sonra isə 1920-ci il iyun ayında Nuru Paşanın komandanlığı ilə başlayan Qarabağ üsyanında[5] iştirak edib. 1920 il iyunun 3-dən 4-nə keçən gecə Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru paşa və polkovnik Zeynalov milli qüvvələrlə birləşərək bölgədə sovet hakimiyyəti nümayəndələrinin hamısını həbs etdilər. Səhəri gün Qarabağda sovet hakimiyyətinin devrildiyi elan olundu. Polkovnik Zeynalov Qarabağdakı milli hərbi qüvvələrin ümumi komandanı təyin edildi[6].

1920 il iyunun 10-da Qırmızı ordu qüvvələri üsyançılara qarşı bütün cəbhə boyu hücuma keçdilər. Qırmızı ordu bu hücumda sayca üstün olduğu üçün, döyüşdə zirehli avtomobillərdən, hərbi təyyarələrdən istifadə etdiyi üçün üsyançılar onlara qarşı mübarizə apara bilməyərək geri çəkilməyə məcbur oldular[6]. Qarabağ üsyanı yatırıldıqdan sonra, Aslan Hacızadənin xidmət etdiyi olduğu topçu batareyası Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə birgə, polkovnik Nuh bəy Sofiyevin komandanlığı ilə QaryaginCəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçib İran ərazisinə daxil olublar.

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[7]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar[8]. Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı[9]. Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur[10]. Aslan Hacızadə 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[11]

Aslan bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında iştirak etmiş, Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb[12]. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə xüsusi fərqlənir. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib[13].

1922-ci il avqustun 26–30-da baş vermiş Dumlupınar döyüşündə iştirak edib.[14]

1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib[12].

1928-ci ildə Topçu məktəbindən məzun olduqan sonra baş leytenant (üst teymən) rütbəsi ilə təltif edilərək Sivas şəhərində yerləşən Topçu alayında batareya komandiri vəzifəsinə təyin olunur[12]. 1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1946-cı ildə polkovnik–leytenant rütbəsi ilə təltif olunan Aslan Berkan, 1950-ci ildə xidmətləri nəzərə alınaraq Türkiyə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən polkovnik rütbəsinə layiq görülüb. Hərbi xidmətinin son illərini Azərbaycanda hərbi xidmətə başladığı ilk günlədən yoldaşlıq etdiyi, bir çox müharibələrdə çiyin-çiyinə savaşdığı general mayor Cahangir Bərkərin komandanlığı altında İzmir şəhərində davam etdirib. 1955-ci ildə yaşı çatdığı üçün təqaüdə çıxıb.

Türkiyəyə mühacirət etdikdən sonra bir müddət Aslan Qarabağlı olaraq tanınıb. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan[15] sonra özünə "Berkan" soyadını götürüb[1].

1957-ci mayın 7-də infarkt keçirərək dünyasını dəyişib[16]. Hərbi mərasimlə İzmirdə Karşıyakada Soyuqquyu məzarlığında 5-ci küçə, 6-cı adada oğlunun yanında dəfn edilib[17].

Aslan Berkan Sivasda xidmət etdiyi vaxt İstiqlal savaşının qəhrəmanlarından olan yüzbaşı Tofiq bəyin bacısı Hümeyra xanımla ailə həyatı qurub. Bu nikahdan Türkan adlı qızı, Mete adlı oğlu dünyaya gəlib. Qızı Türkan xanım Şadi Sayarla ailə həyatı qurub. Oğlu Mete isə 19 yaşı olarkən özünü dənizə ataraq intihar edib[17].

  1. 1 2 3 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 123. ISBN 978-9952-5513-4-1.
  2. 1 2 Baba bəy Behbud, "Albay Aslan Berkanı kaybettik", Azerbaycan Kültür Dergisi, Ankara, 7(67), 1957-10, 18
  3. Mehman Süleymanov. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918. Bakı: Maarif. 2018. səh. 172. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 371. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  5. Mehman Süleymanov. Nuru paşa və silahdaşları. Bakı. 2014. səh. 114. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  6. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 134. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  7. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  8. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  9. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  10. Orxan Cəbrayıl. "Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad" (az.). interposta.info. 2017-12-10. 2023-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  11. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  12. 1 2 3 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 125. ISBN 978-9952-5513-4-1.
  13. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 42. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  14. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 199. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  15. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  16. Baba bəy Behbud, "Albay Aslan Berkanı kaybettik", Azerbaycan Kültür Dergisi, Ankara, 7(67), 1957-10, 19
  17. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 126. ISBN 978-9952-5513-4-1.