Zaqatala üsyanı (1920)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Zaqatala üsyanı
Azərbaycanda Sovet işğalına qarşı üsyanlar
Tarix 1920-ci il iyun
Yeri Zaqatala dairəsi
Səbəbi Ölkənin işğalı
Nəticəsi Üsyan bolşeviklər tərəfindən yatırılıb
Münaqişə tərəfləri

AXC ordusunun zabitləri və yerli əhali

XI Qızıl Ordu

Komandan(lar)

Hafiz Əfəndi
Hacı Qurban

bilinmir

Tərəflərin qüvvəsi

1000

Məlum deyil

İtkilər

Məlum deyil

Məlum deyil

1920-ci il Zaqatala üsyanıZaqatalada antisovet, antibolşevik üsyan, sovet işğalına qarşı üsyanlardan biri. Üsyanın məqsədi Azərbaycandaı Sovet hakimiyyətini devirmək idi. Üsyan 1920-ci ilin iyununda Zaqatalada başlamış və bütün Zaqatala dairəsinə yayılmışdır.

Üsyançıların məqsədi bölgədəki bolşevik hakimiyyətini devirmək, Qarabağdakı üsyançılarla əlaqə qurmaq, ümumiyyətlə Sovet hakimiyyətini Azərbaycandan qovmaq idi.

28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra Zaqataladakı yerli kommunistlər Müvəqqəti Əyalət İnqilab Komitəsinin formalaşdırıldığını elan etdilər. Beləliklə, aprelin 29-da Zaqatalada hakimiyyət bolşeviklərin əlinə keçdi. Həmin tarixdə XI ordunun təlimatçılarından biri olan Menşikovun göstərişləri əsasında mahal inqilab komitəsi təşkil edildi. Komitənin sədri vəzifəsinə əslən bu bölgədən olan 21 yaşlı Zəkəriyyə Ramazan oğlu Balaxlinski, onun müavini vəzifəsinə Mahmud Qocayev, katibliyə isə Nikolay Levşin təyin olundular.[1] Eyni zamanda əyalətdə hakimiyyətin bu yeni formalaşdırılan quruma keçdiyi də elan edilməkdə idi. İki gündən sonra Zaqatala şəhərində Sovet hakimiyyətini müdafiə edən şüarlarla bəzədilmiş yürüş keçirildi.[2]

Lakin əslində bu ilkin mərhələdə yetəri qədər hərbi qüvvədən yoxsun olan kommunistlər bütün əyalətdə özlərinin real hakimiyyətini hələ formalaşdıra bilməmişdilər. Zaqatala dairəsindəki Sovet hakimiyyətinin ilk günlərində həm daxili nizam-intizamı, həm də Gürcüstanla sərhədi Zaqatala alayı qorumaqda idi. Bu alay Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun bir hissəsi olmuşdu və Müvəqqəti İnqilab Komitəsinə tabe olmaqdan imtina etmişdi. Komitənin hesabatlarında da 800 nəfərlik qüvvəyə malik alayın tabe olmaması barədə qeydlər edilmişdir. Komitənin üzvlərindən biri olan Məcid Qocayev tərəfindən Bakıya yazılmış hesabatda alayda 800 nəfərin xidmət etdiyi, komandanın polkovnik Əhməd Dibirov olduğu, eyni zamanda da alay komandanlığının Sovet hakimiyyətinin əmrlərinə tabe olmaqdan imtina etdiyi bildirilmişdi. İnqilab Komitəsi polkovnik Dibirovun vəzifəsindən azad edilməsini zəruri hesab etsə də, onu bu vəzifədə əvəz edəcək xüsusiyyətlərə malik adamları olmadığı üçün bu planlarını həyata keçirə bilmirdilər. Sovet hakimiyyətinin faktiki olaraq qurulması üçün zəruri olan planları həyata keçirmək üçün lazimi gücə malik olmayan İnqilab Komitəsi hələlik mövcud şəraitlə barışmağa məcbur idi.[3]

Qarabağ üsyanının yatırıldığı vaxt, Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı üsyan qalxdı və Şəki bölgəsinin bir hissəsini də bürüdü. 1920-ci ilin iyununda Gürcüstan parlamentinin üzvləri Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında şaiyə dolu intibahnamələr yayırdılar ki, guya "əgər Zaqatala dairəsini Gürcüstana verməsələr, Gürcüstan zor gücünə tabe olmağa məcbur edəcək".[4]

Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan 1920-ci il iyunun 6-da belə bir bəhanə ilə başlandı ki, guya "Gürcüstan Azərbaycana müharibə elan etmişdir". Könüllü partizan dəstələrinin təşkili də bu yozumla aparılırdı. Çıxış üçün bəhanə əhalinin silahı təhvil verməsi barədə əmr oldu. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar (1000 nəfərdən çox adam) və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar[5].

Bolşeviklərin sərt tədbirləri əyalətdəki insanların onlara qarşı müxalifətinin daha da güclənməsinə yol açdı. Belə ki iyun ayının əvvəllərindən artıq əyalətdə üsyan üçün hazırlıqlara başlanılmışdı. Məscidlərlərdə və kənd toplantılarında həm imamlar, həm də ağsaqqallar insanları "İslam dinini təhqir edən qırmızı birliklərə" qarşı mübarizəyə başlamağa çağırırdı. Artıq üsyanın başladılması üçün artıq gizli bir komitə də formalaşdırılmışdı. Komitəyə Tala kəndinin imamı və bütün əyalətdə nüfuzlu şəxs hesab edilən Hafiz Əfəndi Molla Ramazan oğl rəhbərlik edirdi. Bu komitənin üzvləri o günlərdə ölkələrini işğal etməyə çalışan bolşeviklərə qarşı aktiv mübarizə aparan Gürcüstan hakimiyyəti ilə də danışıqlara başlamışdı. Bundan xəbər tutan bolşevik hakimiyyəti Zaqatalanın Müvəqqəti İnqilab Komitəsinin rəhbərini gizli şəkildə Gürcüstana göndərdi. Onun qarşısına qoyulan tapşırıq üsyançılarla Gürcüstan hakimiyyəti arasında aparılan danışıqların mahiyyətini, gəlinən razılaşmanın şərtlərini və s. öyrənmək idi. Balaxlinski və sərhəd mühafizə qvardiyasının komandanının müavini Kuznetsov bu məqsədlə Gürcüstana göndərilənlər idi. Özlərinin antisovet qüvvələrdən olduqlarını bildirən Balaxlinski və Kuznetsov Laqodexi sərhəd mühafizə alayının komandanı ilə danışıqlar apardılar. 1920-ci il iyunun 6-da aparılan danışıqlarda onlar bildirirdilər ki, "Sovet Rusiyasının qoşunlarını Azərbaycandan çıxarmaq üçün menşevik hökumətindən kömək istəyən hər kəsə yardım göstəriləcək. Zaqatalada milli qüvvələrin hakimiyyəti bərpa olunacaq və bütün kommunistlər güllələnəcək".[6]

2-ci süvari alayının komandiri Vodopyanovun və 11-ci Qızıl Ordunun hərbi komissarı Tkaçovun ali komandanlığa göndərdiyi teleqramda göstərilirdi ki, Gürcüstan ərazisinə antisovet qüvvələri — Zaqatala alayının keçmiş zabitləri toplaşır. Zabitlərdən ikisi Abakarov və Muradov Balaxlinskinin şəxsiyyətini müəyyən edərək onun həbsini tələb ediblər. O, həbs olunmaqdan yayınıb geri qayıda bildi. Sözügedən zabitlər öz casusları vasitəsilə sovet agentlərinin sərhədi keçməsindən xəbər tutaraq, Kuznetsovu ələ keçirərək onu güllələmək niyyətində olan gürcü komandanlığına təhvil verdilər. Kuznetsov Balaxlinskinin tutulmasına kömək etməkdən imtina etdi və sərbəst buraxıldı. Sonra Balaxinskinin azad edilməsinə də kömək etdi.[6]

1920-ci ilin may ayının sonlarında və iyun ayının əvvəllərində Zaqataladakı bolşevik ordu bölmələri GəncəQarabağda meydana çıxan üsyanları yatırmaq üçün oraya göndərildilər. Buna görə də müəyyən müddətlik Zaqataladakı bolşevik ordusunun döyüş gücü əhəmiyyətli dərəcədə azaldı. Bundan istifadə edə bölgənin nüfuzlu şəxsləri əhalini yeni hakimiyyətə qarşı üsyana başlamağa təşviq etdi. Bu şəxslər Hafiz Əfəndi Molla Ramazan oğlu, Hacı Qurban Hacı İbrahim oğlu, Şeyx Molla Şeyxzadə, Məhəmməd Şeyx Əhməd oğlu, Müslim Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaçıyev və digərləri idi. Hafiz Əfəndi üsyançı qüvvələrin komandanı seçildi və Hacı Qurban ona köməkçi təyin edildi. Üsyana hazırlıqlar yüksək səviyyədə keçirilmişdi, bunun səbəbi isə üsyançıların sıralarında həm Çar ordusunda, həm də AXC ordusunda xidmət etmiş çox sayıda zabitin olması idi. Üsyançıların məqsədi Zaqatala bölgəsindəki Sovet hakimiyyətini qovmaq, ümumiyyətlə bütün bolşevikləri ölkədən qovmaqla milli qüvvələrin hakimiyyətini bərpa etmək idi.[6]

3000 nəfərdən ibarət üsyançılar sovet birləşmələrini asanlıqla məğlub edərək 1920-ci il iyunun 9-da Zaqatala qalasını ələ keçirdilər. Polkovnik Əhməd Dibirovun komandanlığı ilə Zaqatala alayı neytral mövqe tutdu və alayın batalyonlarından biri üsyançılara qoşuldu. Qalada olan Əyalət İnqilab Komitəsinin üzvləri həbs edildi. Üsyançılar rayonda öz qələbələrini elan etdilər. Hafiz Əfəndinin başçılığı ilə Zaqatala qəzasının Xüsusi Müdafiə Komitəsi yaradıldı və bu komitə inqilab komitəsinin üzvlərinə ölüm hökmü çıxardı. Hafizə Əfəndi Alazan çayı boyunca yerləşən kəndlərin sakinlərinə silah paylamağı, həmçinin mahal sərhəddinin mühafizəsini gücləndirməyi tapşırmışdı.Əsas qüvvələr GəncəQarabağ üsyanlarını yatırmaq üçün göndərildiyi üçün ilk günlərdə hökumət qoşunları tam cəlb olunmadı. XI Qızıl Ordu İnqilabi Hərbi Şurasının üzvü Vesnik Zaqatala qalasının üsyançılar tərəfindən tutulması barədə məlumat daxil olan kimi rayona hərbi qüvvələrin yeridilməsi haqqında əmr verdi. VII Qafqaz diviziyasının komandanlığı Qarabağ üsyanının yatırılmasında iştirak edən birləşmələrdən bir briqada və bir Plastun alayını ayıraraq onları Zaqatalaya göndərdi.[7]

İlk toqquşma iyunun 9-da əraziyə kəşfiyyat aparmaq üçün göndərilən atlı kəşfiyyat qrupu ilə üsyançıların dəstəsi arasında baş verdi. 6 əsgərini itirən Qırmızı Ordunun kəşfiyyat süvari qrupu geri çəkilməyə məcbur oldu. Ertəsi gün VII Qafqaz diviziyasının göndərdiyi süvari dəstəsi də məğlub oldu. Bu ərazidəki sovet birləşmələrinin komandanlığı XI Ordunun İnqilabi Hərbi Şurasına verdiyi hesabatda üsyançılarla ilk toqquşmalarda məğlubiyyətin səbəbləri kimi dağlıq ərazini göstərmişdir.[7]

Kommunist Partiyasının Qafqaz bürosunun üzvü Q.K. Orconikidzenin RSFSR Xarici İşlər xalq komissarı Georgi Çiçerinə 13 iyun tarixində göndərdiyi teleqramda belə deyilirdi:[7]

Gürcüstandan gələn üsyançılara yardımın qarşısını almaq üçün XI Ordunun İnqilabi Hərbi Şurası tədbirlər gördü. Azərbaycan hökuməti Gürcüstanın Zaqatala rayonunda baş verən hadisələrə qarışmasına imkan verməməli idi. Sonrakı məlumatlardan aydın olur ki, Gürcüstan hökuməti Zaqatala üsyançılarına vəd etdiyi yardımı gözləniləndən az olsa da, göstərib. “Əksinqilabi müsavatçıların üsyanını yatırmaq üçün qoşunlarımızın Zaqatala qəzasına daxil olması ilə eyni vaxtda üsyançılara yardım etmək məqsədi ilə gürcü hərbi birləşmələri də bura daxil oldular. Biz qoşunlarımızla gürcü bölmələri arasında toqquşmaların qarşısını almağa çalışırıq. Lakin üsyan vaxtında aradan qaldırılmasa, Zaqatala qəzası Azərbaycan əksinqilabının yuvasına çevriləcək.

Bu zamana qədər artıq Zaqataladakı Sovet hakimiyyəti devrilmişdi. Vəziyyət nəzarətdən çxmış, bolşeviklər üçün daha ciddi təhlükə olmağa başlamışdı. Zaqatala üsyançıları Yevlaxa tərəf yönələrək oranı ələ keçirib Qarabağdakı üsyançılar ilə əlaqə qurmağı düşünürdülər. Bu plan barədə xəbər tutan bolşeviklər Zaqatalaya hücum hədəflərini daha da tez bir müddətə həyata keçirməyə tələsdilər. Onlar Zaqatala qalasını ələ keçirib, orada ölüm hökmünə məhkum edilən Müvəqqəti İnqilab Komitəsi üzvlərini həbsdən azad etmək istəyirdilər. Bakıdan Zaqatala rayonuna kommunist könüllülərindən ibarət bir batalyon, VII Qafqaz diviziyasının bir briqadası, bir Plastun alayı, bir II süvari alayı, Qarabağ üsyanının yatırılmasında iştirak edən XX diviziyanın bir briqadası, bir zirehli texnika və artilleriya göndərildi. Göndərilən hərbi birliyin tapşırığı üsyanı yatırmaq və üsyançı əhalinin silahlarını müsadirə etmək idi. Bolşeviklər 16 iyunda Zaqatala qalasına hücum etməyi planlayırdılar. Tapşırığı yerinə yetirmək üçün VII Qafqaz Diviziyası, könüllü kommunistlər dəstəsi, 58-ci piyada briqadası və 27-ci zirehli dəstə Vodopyanovun komandanlığı altına köçürüldü. 58-ci briqadanın komandirləri Todorski və 32-ci diviziyanın komandirləri Ştegerə Vodopyanovun sərəncamında olmaq üçün iyunun 15-dək Nuxaya gəlmək əmri verildi.[8]

Həlledici əməliyyatlara rəhbərlik həvalə edilən Vodopyanov plana uyğun olaraq iyunun 16-da Zaqatala rayonuna daxil oldu. Azrevkom üzvü Əliyev Vodopyanovun köməkçisi təyin edildi. Üsyançıların ilk məğlubiyyəti iyunun 18-də qalada baş verən döyüş oldu. Bolşeviklərin həmin qələbəsindən sonra qırmızı birləşmələrin komandanlığı bir sıra təhlükəsizlik tədbirləri gördü. XI Ordu komandiri Levandovskinin rayonda fəaliyyət göstərən hissələrin komandiri Vodopyanova verdiyi 18 iyun tarixli əmrdə bildirilirdi:[8]

Aşağı Lahıc, Qax-İngiloy, Çobankol kəndlərində güclü qarnizonlar yerləşdir, qüvvələrin yerdə qalanını isə Zaqatala şəhərinə yerləşdir. Zaqatala rayonunun Gürcüstanla sərhədə qədər olan kəndlərinin sakinlərini tərksilah etmək üçün xüsusi ekspedisiya dəstəsi yaradılsın ki, onların əsas zərbə qüvvəsi Qax-İngiloy və Çobankol kəndlərində artilleriya ilə təchiz edilmiş dəstələrdən ibarət olmalıdır. Qızıl Ordudan 58-ci briqadanın atlı kəşfiyyat qrupunun əsgərlərindən Azərbaycan-Gürcüstan sərhədində, Laqodexi-Qabaqçel-Qazaxpapağı aşırımında, Muğanlı-Padar yolunda mühafizə postları yaradın. Azərbaycan ilə Gürcüstan arasında münasibətlər həll edilənə qədər VII Qafqaz Diviziyasını Zaqatalada yerləşdirin. Gürcü nizami qüvvələri ilə toqquşmalardan qaçının, və belə bir təhlükə yaranarsa, Rusiya ilə Gürcüstan arasında 1920-ci il mayın 7-də imzalanmış sülh müqaviləsinin mövcudluğunu xatırlamaq lazımdır və həmin müqaviləyə əsasən, Qırmızı Ordu gürcü qoşunlarına qarşı hərbi əməliyyatlar keçirmək niyyətində deyil.

Həlledici döyüş 20 iyun tarixində baş verdi. Səhər erkən saatlarında Zaqatala bölgəsində XI Qızıl Ordunun çox sayıda bölmələri artilleriyanın və zirehli texnikanın yardımı ilə qaladakı üsyançıların üzərinə hücuma başladılar. Axşam saatlarına qədər davam edən döyüşdə üsyançılar rəqiblərinin silah və say üstünlüyünə müqavimət göstərə bilmədilər. Qaladakı üsyançıların müqaviməti sonda bolşevik qüvvələri tərəfindən yatırıldı. Zaqatala qalasının bolşeviklərə verilməsi faktiki olaraq üsyanın taleyini həll etdi. Üsyançılar dağlara və meşələrə çəkilməyə məcbur oldular. Üsyançıların itkiləri düşməndən on dəfə çox idi (≈300 itki, o cümlədən öldürülən və yaralananlar).[9]

Növbəti günlərdə üsyançı partizanlar bölgənin müxtəlif məntəqələrində müqaviməti davam etdirsələr də, bu müqavimət ocaqları da məhv edildi. Bolşevik hakim dairələri üsyanda iştirak edən və ya qarışıqlıqlara səbəb olanlara qarşı cəzalandırıcı tədbirlərə başladı. Həmçinin Zaqatalanın Gürcüstan ilə sərhədi boyunca mühafizə postlarının qurulması əmri də verildi. Mümkün iğtişaşların və silahlı qüvvələrin məhv edilməsinin qarşısını almaq üçün Alazan çayı boyunca ehtiyat köməkçi qüvvə kimi yerləşdirilməsinə əmr də verilmişdi.[9]

Gürcüstanın təsiri

[redaktə | mənbəni redaktə et]

Üsyan günlərində XI Qızıl Ordunun Hərbi-İnqilab Şurasının üzvü Y.İ.Vesnikin S.Orconikidzeyə verdiyi məlumata əsasən, gürcülər açıq-aşkar fəaliyyət göstərirdilər: gürcü qoşunlarının planlarında Zaqatala üsyançıları ilə birləşmək və hətta NuxaQarabağ istiqamətində hərəkət etmək dururdu. Üsyana gürcülərin müəyyən təsiri barədə Gegeçkorinin Mirzə Davud Hüseynova 14 iyun tarixli teleqramında da işarə edilirdi:[10]

...Sazişə rəğmən sizin qoşunlarınız Nuxadan Zaqatala dairəsi üzərinə hücum etməkdədirlər və dairə sərhədində güclü artilleriya döyüşü gedir... Əgər bu hücum dayandırılmazsa, onda biz öz qoşunlarımıza Zaqatala dairəsinə daxil olmaq əmri verəcəyik...

Üsyanın bir digər maraqlı məqamı onun başçılarının gürcü hakimiyyət orqanları ilə imzalamış olduqları müqavilə idi. İmzalanan razılaşma Zaqatalanın Gürcüstana birləşdirilməsi barədə idi və 8 maddədən ibarət idi:[11]

1) Mahalın 118 sərhədlərini yerli əhali ilə birlikdə gürcü qoşunları qorumalı idi Bu zaman Sovet Rusiyası qoşunlarının mahaldan qovulması icbari şərt kimi irəli sürülürdü.

2) Gələcəkdə yerli əhalinin hərbi xidmətə çağırılması Gürcüstanda mövcud qaydalar əsasında olmalı, fəqət müsəlmanların dini ayinləri saxlanılmalı idi.

3) İki il ərzində müsəlman zabitlərin qoşun hissələrindən xaric edilməsi istisna edilirdi.

4) Dairənin Gürcüstana birləşməsindən 3 il sonra xalq təhsili müstəsna «müsəlman» dilində aparılmalı idi.

5) Xalq şəriət məhkəməsinin saxlanılması şərt kimi irəli sürülürdü.

6) Dairənin Gürcüstana birləşməsinə qədər meydana çıxmış siyasi və cinayət işlərinə baxılmamalı idi.

7) Tədavüldə müxtəlif pul nişanələrinin dövriyyəsinə icazə verilirdi.

8) Mahalın idarəçilik qaydası mövcud ümumdövlət idarəetməsi əsasında olmalı idi.

Bu sazişi imzalayan şəxslərin bir çoxu 1918-ci ildə Azərbaycana birləşmək lehinə səs vermiş bölgənin nüfuzlu mənəvi və ictimai-siyasi xadimləri idi.[12]

Zaqatalada iyun üsyanı gedişində Gürcüstan hökuməti nəinki üsyançılara yardımlar göstərmiş, həmçinin bəzi hərbi hissələrini mahalın ərazisinə daxil etməklə, 53 müəyyən mənada, hətta hadisələrin iştirakçısına çevrilmişdi. əmin dövrdə Gəncədə, Zaqatalada, Qarabağda alovlanan üsyanlar da gürcü hakim dairələrində Azərbaycanda sovet hakimiyyətinin qeyri-sabitliyinə dair müəyyən ümidlər yaratmışdı. 1920-ci ilin yayında Tiflis Qafqazın sovet əleyhinə mübarizə aparan qüvvələrinin özünəməxsus mərkəzinə çevrilmişdi. Orada təşkil olunmuş "Azərbaycanın qurtuluş komitəsi" silahlı çıxışların, o cümlədən Zaqatala üsyanının hazırlanmasında mühüm rol oynamışdı. Bununla əlaqədar, XI Ordunun komandanı M.K.Levandovski Bakı Sovetinin İcraiyyə Komitəsinin iclasında məruzəsində iddia edirdi:[13]

Aydındır ki, Zaqatala qəzası Gürcüstana lazım deyildi, fəqət o, Tiflisdə bulunan... köhnə Azərbaycan hökumətinə lazım idi.

Analoji ehtimala Orconikidzedə də rast gəlinir. Kirovla həmin günlərə aid söhbətində o, iddia edirdi:[13]

Gürcülər Zaqatala dairəsindən başda müsəlman-müsavatçılar və hətta sabiq nazirlər olmaqla muxtar vahid yaratmaq və dairəni Sovet Azərbaycanına qarşı bazaya çevirmək istəyirlər. Yelizavetpol hadisələri ilə əlaqədar biz VII və XVIII kavaleriyanı Zaqataladan çıxarmışıq; halhazırda gürcülər müsavatçılarla birlikdə orada üsyan qaldırırlar.

Tarixçi Şamil Rəhmanzadə öz kitabında Tiflisdə toplanan azərbaycanlı siyasi mühacirlər ilə gürcü hakim dairələrinin hədəflərinin üst-üstə düşdüyünü iddia edir:[13]

Zənn edirik ki, Tiflisdə toplaşan Azərbaycan siyasi mühacirləri ilə Gürcüstan hökumətinin siyasi maraqları o dövrdə üst-üstə düşürdü; bu halda Zaqatala üsyançılarının bəhs etdiyimız qərarı Azərbaycan mühacir rəhbərliyinin göstərişi ilə də qəbul oluna bilərdi. Lakin bolşeviklərə qarşı səylərini fəallaşdıran gürcü siyasi yuxarıları öz davranışlarında müəyyən ölçünü gözləyirdilər; onlar çox gözəl anlayırdılar ki, bolşeviklərlə qarşılıqlı təsirdə müəyyən hədd mövcuddur; həmin həddi keçmək isə geniş miqyaslı müharibəyə labüd surətdə bais olmaq demək idi. Sovet Rusiyası ilə açıq konfrontasiyadan isə (öz şəxsi-siyasi, habela gürcü dövlətçiliyinin aqibəti baxımından mümkün nəticələrini nəzərə alaraq) Gürcüstanın siyasi rəhbərliyi yayınırdı.

Gürcüstan hökuməti 14 iyun notasından əlavə, 16 və 20 iyun tarixlərində də eyni məzmunlu nota göndərmiş, bölgəyə sovet ordularının yeridilməsinə qəti etiraz etmişdir. Eyni zamanda gürcü hökuməti bölgəyə sovet hökumətini bölgəyə ordunun gətirilməsinin davam edəcəyi halda buna uyğun addımlar atmaqla da hədələməkdən çəkinmirdi. Lakin nəinki gürcülərin etirazları bir nəticə vermədi, eyni zamanda kiçik hallar istisna olmaqla Tiflis kiçik istisnalarla mahala hərbi qüvvələrini sövq etmədilər. Halbuki Laqodex rayonundakı gürcü qoşunları komandiri general Sumbatov iyunun 20-də Zaqatala dairəsindən sovet qoşunlarının təxirə salmadan çıxarılması barədə ultimatumla çıxış etmişdi. Rəhmanzadə bunu belə əsaslandırır:[14]

Görünür, Azərbaycanda antisovet üsyanlarının yetərincə qısa müddətdə və son dərəcədə amansızlıqla yatırılması gürcü hökumətinə çəkindirici təsir göstərmişdi. Üsyan günlərində mahalın bəzi sərhədyanı məntəqələrinə gürcü hissələrinin daxil olmasını biz artıq qeyd etmişdik. Lakin çox güman ki, onlar tezliklə geri çağırıldılar, belə ki, XI Ordu komandanlığının qoşunlara 7 iyul tarixli əmrindən də göründüyü kimi, Zaqatala ərazisində gürcü hissələri artıq yox idi.

21 iyundan etibarən Zaqatala bölgəsində cəzalandırıcı tədbirlər yenidən başladıldı. Bolşeviklər tərəfindən müxtəlif şəxslərin həbsi, evlərin talan edilməsi və insanlara qarşı güc tədbiq edilməsi həyata keçirildi. Həm Qızıl Ordu mənsubları, həm də ÇK üzvləri olan şəxslər insanların evində axtarışlar həyata keçirib, kütləvi həbslər etdilər. Həbs edilən insanların evləri bolşeviklər tərəfindən talan edildi, eyni zamanda həmin insanların mülkiyyətində olan mal-qara bölgədəki hərbi birliklərin tabeliyinə verildi. Cəza tədbirləri o qədər geniş əhatəli həyata keçirildi ki bəzən bütün kəndlər boşalmış, yalnız qadınlar, uşaqlar və yaşlılar tərəfindən məskunlaşdırılmış hala gətirildi. Talanların adi hala çevrilməsinə görə ordu komandanı bunları deməyə məcbur olmuşdu:

Qızıl Ordu bu qədər zəngin bölgəni elə vəziyyətə gətirib ki, əhali nəinki hərbi hissələri, heç özünü də dolandıra bilmir.

Məğlub edilmələrinə baxmayaraq, üsyançılar tamamilə dağıdılmamışdılar. Onlardan bəziləri dağlarda və meşələrdə gizlənməkdə idi, bir hissəsi isə Gürcüstana qaçmışdı. Hafiz Əfəndi, Müslüm Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaçıyev kimi şəxslərin tabeliyində olan və Gürcüstanın Zaqatala ilə qonşu Laqodexi bölgəsində yerləşən dəstələr yeni üsyan başlatmaq üçün fürsətin meydana çıxmasını gözləyirdilər. Lakin 1921-ci ilin fevralında Gürcüstandakı menşevik höküməti də bolşeviklər tərəfindən devrildi və orada da bolşevik hakimiyyəti bərqərar edildi.

Qızıl ordu komandirləri etiraf edirdilər ki, Zaqataladakı üsyan da "Qarabağdakı üsyan zamanı olduğu kimi, əksinqilabçılara münasibətdə eyni amansızlıqla yatırıldı və əhalinin tərk-silah edilməsinə başlandı... Bütünlükdə üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi, karabini, berdankası, 8 pulemyot və böyük miqdarda tapança, müxtəlif pistolet və digər döyüş sursatı alındı".[15] Başqa bir sənəddə - hərbi məlumatda isə deyilirdi: "Zaqatalanın ən yoxsul sinfi tərəfındən ruh yüksəkliyi və " Yaşasın sovet hakimiyyəti!" sədaları ilə qarşılanan Qızıl ordu hissələri iyunun 18-də şəhərə daxil oldular və qalanı tutdular".[16]

Məğlubiyyətin səbəbləri

[redaktə | mənbəni redaktə et]

Üsyanın məğlub edilməsinin müxtəlif səbəbləri var idi. Bu səbəblər içində üsyançıların rəhbərlərinin həlledici addım atmaq lazım olan yerdə bunu edə bilməmələri, tatiki və əməliyyat addımları üzrə ciddi yanlış hesablamalar ən əsasları idi. Lakin eyni zamana bəzi səbəblər onlardan asılı deyildi. Eyni zamanda üsyançılar Azərbaycanın başqa yerlərindəki üsyançılar ilə əlaqə formalaşdıra bilməmişdilər. Həmçinin üsyançıların müəyyən addımları atmaqda gecikməsi Qızıl Ordu rəhbərliyinə üsyan bölgəsinə digər yerlərdən ordu dəstələri gətirmək və üsyançılara qarşı əhəmiyyətli hərbi qüvvə formalaşdırmağa şərait yaratdı.

Üsyan rəhbərləri

[redaktə | mənbəni redaktə et]
  1. Şamil Rəhmanzadə. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri: Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında: 1917-1930-cu illərin əvvəlləri. Bakı: Aspoliqraf. 2008. səh. 116. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
  2. Мамедов, 2020. səh. 217-218
  3. Мамедов, 2020. səh. 218
  4. Rusiya Dövlət Hərbi Arxivi (bundan sonra - RDHA), f. 4, s. 2, i. 5/s., v. 31-32.
  5. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 80. ISBN 978-9952-36-521-4.
  6. 1 2 3 Мамедов, 2020. səh. 219
  7. 1 2 3 Мамедов, 2020. səh. 220
  8. 1 2 Мамедов, 2020. səh. 221
  9. 1 2 Мамедов, 2020. səh. 222
  10. Rəhmanzadə, 2008. səh. 117
  11. Rəhmanzadə, 2008. səh. 117-118
  12. Rəhmanzadə, 2008. səh. 118
  13. 1 2 3 Rəhmanzadə, 2008. səh. 119
  14. Rəhmanzadə, 2008. səh. 120
  15. Rusiya Dövlət Hərbi Arxivi (bundan sonra - RDHA), f. 4, s. 2, i. 5/s., v. 6.
  16. Rusiya Dövlət Hərbi Arxivi (bundan sonra - RDHA), f. 4, s. 2, i. 5/s., v. 49-51.