Azərbaycan təsviri sənəti

Vikipediya, azad ensiklopediya
(Azərbaycan təsviri incəsənəti səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Osmanlı Sultanı II Bəyazidin elçiləri Şah İsmayıl Xətainin qəbulunda (1504). Toğrul Nərimanbəyovun rəsmi. Azərbaycan Tarix Muzeyində saxlanılır.

Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri.

Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri — dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.

Həkkaklıq və heykəltaraşlıq nümunələri Qafqaz Albaniyası dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5–6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Qafqaz Albaniyası dövrü heykəltaraşlığının ən kamil nümunələrindəndir.

Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltaraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində — Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, MarağaƏrdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya — kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.

Orta əsrlər və erkən müasir dövr

[redaktə | mənbəni redaktə et]
Yeddi günbəz türbələrinin interyeri

Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir.

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olmuşdur. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmış, XVIII–XIX əsrlərdə Abbasqulu, Qənbər Qarabaği, Əli Qulu, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu, sürətli kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Qriqori QaqarinVasili Vereşagininin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar sarayının (XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir.

Azərbaycan dəzgah boyakarlığının təşəkkülü, Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari" kimi bədii cəhətdən kamil portretlər yaratmışdır.

Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyət göstərmişdir. Onun əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri əsas yer tutur. Bu dövrdə şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-tətbiqi sənət nümunələri də diqqəti cəlb edir.

XV–XVI əsrlər

[redaktə | mənbəni redaktə et]

XVII–XVIII əsrlər

[redaktə | mənbəni redaktə et]

XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. "Molla Nəsrəddin" jurnalının rəssamları Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə və X. Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur "Yüz tip" rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə Mirzə Ələkbər Sabirin "Hophopnamə" əsərinə çəkdiyi illüstrasiyalar Əzim Əzimzadənin ən uğurlu işlərindəndir.

Bəhruz Kəngərlinin 1920-ci ildə çəkdiyi Qaçqın xanım rəsmi.

Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan Bəhruz Kəngərlinin yaratdığı "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insanların portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş "Ölülər" (Cəlil Məmmədquluzadə), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə), "Pəri-cadu" (Əbdürrəhim bəy Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1919-cu ildə Bakıda İstiqlal dövlət muzeyi təsis olunur, milli rəmzlər — dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan "Füyuzat" jurnalının naşiri, filosof, jurnalist və rəssam Əlibəy Hüseynzadə "Bibiheybət" məscidi, "Şeyxülislamın portreti" kimi əsərlərini yaradır.

Azərbaycan SSR dövrü

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açıldı, təsviri sənətin yeni növ və janraları yarandı.

1930-cu illərdə qrafika sahəsində Əzim Əzimzadə ilə yanaşı Qəzənfər Xalıqov, Əmir Hacıyev, Kazım Kazımzadə və digər rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 1920-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 1930-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində Salam Salamzadə, Ələkbər Rzaquliyev və digər müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. Sadıq Şərifzadənin "Üzüm yığımı", Qəzənfər Xalıqovun "Nizaminin portreti", Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar BəhlulzadəKamil Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.

Azərbaycan müasir peşəkar heykəltaraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltaraşlıq kadrları yetişmişdir. 1920–30-cu illərdə ilk azərbaycanlı heykəltaraşlardan İ. Quliyev, eləcə də Azərbaycanda yaşayan S. D. Erzya, Y. R. Tripolskaya, P. V. Sabsay və b. heykəltaraşların iştirakı ilə Bakıda M. Ə. Sabirin, M. F. Axundzadənin və b. abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdır. 30-cu illərdə sovet heykəltaraşlığının banilərindən olan F. Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (Ə. Haqverdiyev, M. F. Axundzadə, Ü. Hacıbəyov, A. Zeynallı və b.) və ilk monumental əsəri olan "Füzuli" heykəlini (1939, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Heykəltəraş C. Qaryağdının dekorativ heykəl və portretləri, Molla Pənah Vaqifin heykəli (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) XX əsr Azərbaycan heykəltaraşlığının qiymətli nümunələrindəndir.

1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirildi.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan rəsamlarının yaradıcılığında siyasi plakat və satirik qrafika əsas yer tuturdu. Siyasi karikaturaların yaradılmasında Əzim Əzimzadə, Q. Xalıqov, İ. Axundov, Ə. Hacıyev, S. Şərifzadə və b. qrafiklərin mühüm rolu olmuşdur.

Müharibədən sonra, 1950-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Mikayıl Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın "Axşam", "Mingəçevir işıqları", "Azərbaycan çöllərində" (triptix), "Sevinc" və s. əsərlərində əmək adamları məişət səhnələri lirik səpkidə verilmişdir.

Tahir Salahovun 1960-cı ildə çəkdiyi Bəstəkar Qara Qarayevin portreti rəsmi.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü xalq rəssamı Tahir Salahovun "Növbədən qayıdanlar", "Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. Tahir Salahovun yaratdığı "Bəstəkar Qara Qarayevin portreti" əsəri portret sənətinin klassik nümunələrindəndir. Rəssamın xarici ölkələrin həyatına həst etdiyi lövhələri, mənzərə və natürmotları, "Bəstəkar Şostakoviçin portreti" müasir Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir.

Orijinal və bənzərsiz yaradıcılığa malik Toğrul Nərimanbəyovun əsərlərində doğma yurdun təbiəti, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir. Rəssamın "Səadət", "Sevinc", "Torpağın bərəkəti", "Bazar" və s. tabloları natürmort və mənzərələri nikbinlik motivləri ilə səciyyələnir. Onun improvizasiya məharəti "Parisi xatırlayarkən", "Bethoven dünyası" tablolarında, səhnə dekorlarında aydın nəzərə çarpır. Nərimanbəyovun milli və beynəlmiləl ənənələrin sintezinə əsaslanan yaradıcılığı dünya şöhrəti qazanmışdır.

Nadir Əbdürrəhmanovvun "Çəltik becərənlər", "Dağlarda qürub çağı", Asəf Cəfərovun "Sabahın düşüncələri", "Həyat", "Mənim Azərbaycanım" tabloları rəngli zənginliyi ilə diqqəti cəlb edir.

Böyükağa Mirzəzadənin yaradıcılığında əmək adamlarının, mədəniyyət və incəsənət xadimlərinin (müğənni Zeynəb Xanlarova, rejissor Şəmsi Bədəlbəyli) portretləri, mənzərə və natürmortlar mühüm yer tutur. Əmək, sənaye mövzuları, Lətif Feyzullayev, Əyyub Məmmədov, və b. tablolarında öz əksini tapmışdır. X. Səfərova, H. Məmmədov, Q. Seyfullayev, Əbdülxalıq, A. Abdullayev, H. Haqverdiyev, D. Kazımov, C. Rüstəmov, K. Xanlarov, T. Şıxəliyev, A. Mehdiyev, M. Abbasov, F. Ağayev, S. Manafova və b. yaradıcılığında zəhmət adamlarına və məişət səhnələrinə, E. Rzaquliyev, Vidadi Nərimanbəyov, T. Sadıqzadə, Ə. Hüsenyov, K. Nəcəfzadə və b. əsərlərində Azərbaycan xalqının tarixi keçmişi, adət və ənənələri, müharibə, sülh mövzularına geniş yer verilmişdir. Portret janrında S. Salamzadə, T. Tağıyev, Vəcihə Səmədova, Oqtay Sadıqzadə, Nəcəfqulu, A. Kərimov, G. Mustafayeva, O. Ağababayev, H. Zeynalov, H. Kərimov, S. Məmmədov, və b. xüsusilə fərqlənmişlər.

Azərbaycan təbiətinin gözəllikləri xalq rəssamı S. Bəhlulzadənin "Qız bənövşəyə gedən yol", "Doğma düzənliklər", "Torpağın həsrəti", "Kəpəzin göz yaşları" və s. tablolarında öz əksini tapmışdır. N. Qasımov, K. Xanlarov, M. Tağıyev, S. Haqverdiyev, T. Cavadov, F. Xəlilov, B. Maratlı, N. Rzayev, Ə. Əsgərov, U. Haqverdiyev və b. rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.

Həyatın gözəlliyini, fəlsəfi mənasını dərk etmək baxımından F. Xəlilovun Abşeron təbiətinə həsr olunan tabloları müasirliyin ritm və intonasiyaları ilə səciyyələnir.

C. Mircavadov, N. Rəhmanov, K. Əhmədov, Q. Yunusov, S. Veysov, A. İbrahimov, İ. Məmmədov, S. Mirzəzadə, F. Haşımov, F. Qulamov, A. Səmədov və b. əsərlərində Azərbaycan mifoloji təsəvvürləri ilə müasir boyakarlıq axtarışları uzlaşmışdır.

Teatr-dekorasiya sənətinin inkişafı Azərbaycan opera, balet, dram və musiqili komediya tamaşalarının səhnə təcəssümü ilə bağlıdır. Ə. Əzimzadənin bir sıra teatr tamaşalarına çəkdiyi geyim eksizləri, Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılırandan biri olan R. Mustafayevin 1920–30-cu illərdə "Ölülər" (C. Məmmədquluzadə), "Üsyan" (D. Furmanov), "Dəmirçi Gavə" (Ş. Sami), "Sevil", "Od gəlini", "1905-ci ildə" (C. Cabbarlı), "Şeyx Sənan" (H. Cavid), "Dağılan tifaq" (Ə. Haqverdiyev), "Şah İsmayıl" (M. Maqomayev), "Arşın mal alan", "Leyli və Məcnun", "Koroğlu" (Ü. Hacıbəyov), "Aşıq Qərib" (Z. Hacıbəyov), "Sonalar gölü" (P. Çaykovski) və s. dram, opera və balet tamaşalarına verdiyi bədii tərtibat Azərbaycan teatr-dekorasiya sənətinin inkişafında mühüm yer tutmuşdur. Teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İ. Seyidovanın "Leyli və Məcnun" (Ü. Hacıbəyov), "Sevil" (F. Əmirov), Ə. Fətəliyevin "Koroğlu" (Ü. Hacıbəyov), "İnsanın taleyi" (İ. İ. Dzerjinski), "Bahadır və Sona" (S. Ələsgərov) operalarına, Ə. Almaszadənin "Gülşən" (S. Hacıbəyov), "Qaraca qız" (Ə. Abbasov) baletlərinə, N. Fətullayevin "Şərqin səhəri" (Ə. Məmmədxanlı), "Otello" (V. Şekspir), "Vaqif" (S. Vurğun), "Mahnı dağlarda qaldı" (İ. Əfəndiyev), İ. Axundovun "Solğun çiçəklər" (C. Cabbarlı), "Şeyx Sənan" (H. Cavid), S. Şərifzadənin "Cavanşir" (M. Hüseyn), "Kəndçi qızı" (M. İbrahimov) və s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir.

1960-cı illərdən başlayaraq səhnə tərtibatı sahəsində yenilik meylləri güclənir, rəssamlar şərtiliyə, lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət verirlər. Bu sahədə ilk uğurlu addım atan T. Salahov "Antoni və Kleopatra", "Hamlet" (V. Şekspir), "Aydın" (C. Cabbarılı) pyeslərinin, xüsusilə "Koroğlu" operasının (Ə. Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaratmışdır. M. Abdullayev "Leyli və Məcnun", "Koroğlu" (Ü. Hacıbəyov) operalarının və "Çitra" (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll etmişdir. T. Nərimanbəyovun "Qobustan kölgələri" (F. Qarayev), "Yeddi gözəl" (Q. Qarayev), "Nəsimi dastanı", "1001 gecə" (F. Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B. Əfqanlı, H. Mustafayev, S. M. Fefimenko, Y. A. Toropov, Ə. Abbasov, E. Aslanov, B. Əfəndiyev, M. Əliyev, A. Seyidov, E. Məmmədov, S. Haqverdiyeva, F. Əhmədov, Q. Məmmədov, F. Ə. Xəlilov, F. Qafarov və digər rəssamların, kino sahəsində C. Əzimov, K. Nəcəfzadə, N. Zeynalov, F. Bağırov, R. İsmayılov, M. Ağabəyov, N. Bəykişiyev və b. mühüm xidmətləri olmuşdur.

İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltaraşlığı yeni inkişaf mərhələsinə qədəm qoydu. N. Gəncəvinin Gəncədə (1946; SSRİ Dövlət mükafatı, 1947) və Bakıda (1949) abidələri SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü F. Əbdürrəhmanovun yaradıcılığında mühüm mərhələ idi. Onun Bakıda qoyulmuş "Azad qadın" heykəli (1960), S. Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1973), Düşənbədə şair Rudəkinin (1964, SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı) abidələri, Azərbaycan monumental heykəltaraşlığının uğurlu nümunələrindəndir. Monumental heykəltaraşlıq ustası SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü P. V. Sabsay əmək adamlarının, elm və mədəniyyət xadimlərinin ("Neftçi M. P. Kaveroçkin", "Rəssam S. Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı S. Rəimov", S. Vurğunun mənzil-muzeyi üçün monumetal portreti və s.) portretlər qalereyasını yaratmışdır. "A. S. Puşkinin portreti" ("Elegiya") heykəltaraşın ən kamil əsərlərindəndir.

Cabbar Qaryağdının monumental-dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. M. Ə. Sabirin (1958), N. Nərimanovun (1972) heykəlləri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı və general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasına daxildir.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədovun birgə yaratdıqları "Füzuli" abidəsi (1962, Bakı) kamil, plastik sənət əsərlərindəndir. T. Məmmədovun Ü. Hacıbəyov (1962), M. Əzizbəyov (1977), Nəisimi (1979; İ. Zeynalovla birgə) və s. monumental abidələri Azərbaycan heykəltaraşlığının ən yaxşı nümunələrindəndir.

Ö. Eldarov, "X. Natəvan" (1960), "M. Maqomayev" (1987), H. B. Zərdabi (1973; Zərdab), "77-ci Azərbaycan diviziyasına" (1975, Sapun-Qora, Sevastopol) və Bakıda romantik şair "H. Cavid" (1993-?) abidələrində heykəltaraşlıqla memarlığın sintezinə nail olmuşdur. Onun "Neftçilər" (1963), "S. Bəhlulzadənin portreti" (1966), "Ömrün dörd çağı" (1974) kimi kompozisiya və portretlər üçün obrazların yığcamlığı və milli koloriti səciyyəvidir.

Post-Sovet dövrü

[redaktə | mənbəni redaktə et]

XX əsrin 1990-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanmışdır.