Elmira Qafarova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elmira Qafarova
bayraq
Azərbaycan Respublikası Ali Sovetinin sədri
bayraq2
5 fevral 1991 – 5 mart 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıYaqub Məmmədov
18 may 1990 – 5 fevral 1991
ƏvvəlkiSüleyman Rüstəm
Sonrakıvəzifə ləğv edilib
22 iyun 1989 – 18 may 1990
ƏvvəlkiSüleyman Tatlıyev
Sonrakıvəzifə ləğv edilib
22 dekabr 1987 – 22 iyun 1989
SədrHəsən Seyidov
Ayaz Mütəllibov
1 dekabr 1983 – 22 dekabr 1987
ƏvvəlkiTahirə Tahirova
SonrakıHüseynağa Sadıqov
13 fevral 1980 – 1 dekabr 1983
ƏvvəlkiMehdi Mehdizadə
SonrakıKamran Rəhimov
bayraq
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
mart 1966 – 1970
ƏvvəlkiMəsud Əlizadə
SonrakıRafiq Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1934(1934-03-01)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 avqust 1993(1993-08-01) (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Həyat yoldaşı Fuad Qafarov[1]
Uşaqları Oqtay, Gülnarə[1]
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Elmira Mikayıl qızı Qafarova (1 mart 1934, Bakı, SSRİ1 avqust 1993, Bakı, Azərbaycan) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri (1991–1992), Azərbaycan SSR Ali Sovetinin (1990–1991) və Rəyasət Heyətinin sədri (1989–1990), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1989), Azərbaycan SSR xarici işlər naziri (1983–1987), Azərbaycan SSR xalq maarifi naziri (1980–1983).

Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU — indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E. Qafarova 1955–1958-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.

1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir.

1958–1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək, "filologiya elmləri namizədi" elmi dərəcəsini almışdır.

Elmira Qafarova 1961–1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961–1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışmışdır.

Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E. Qafarova ALKGİ MK-nın birinci katibi seçilmiş və 1966–1970-ci illərdə bu vəzifədə işləmişdir. E. Qafarova həmin yüksək və məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi sahəsində xeyrli zəhmət çəkmiş, bilik və bacarıq nümayiş etdirmişdir.

Elmira Qafarova 1970–1971-ci illərdə AKP MK-nın mədəniyyət şöbəsi müdirinin müavini, 1971–1980-ci illərdə isə AKP Bakı Şəhər Komitəsinin ideologiya üzrə katibi vəzifələrində işləmişdir.

1980–1983-cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışmış Elmira Qafarova Azərbaycanda maarifçiliyin yayılmasında, məktəb və məktəbəqədər uşaq müəssisələri şəbəkələrinin genişləndirilməsində, savadlı, bilikli və təcrübəli müəllimlərlə təmin olunmasında, uşaqların təhsilə cəlb edilməsində yaxından iştirak etmiş, bir sıra irimiqyaslı, habelə məktəb olimpiadalarının əsas təşkilatçısı olmuşdur. 1983–1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışmış E. Qafarova Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində işlər görmüş, həmçinin bir sıra beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından iştirak etmişdir.

O, 1984-cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış etmişdir. BMT Baş Məclisinin həmin sessiyasının Üçüncü Komitəsinin irqçilik və irqi ayrı-seçkilik qalıqlarının kökünün kəsilməsi məsələlərinə həsr edilmiş müzakirələr üzrə diskussiyada ilk çıxış edən E. Qafarova irqi ayrı-seçkiliyi kəskin tənqid edərək demişdir:

"Bütün sahələrdə irqi ayrı-seçkiliyi şirnikləşdirənlər hansı demokratiyadan, hansı vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial-iqtisadi hüquqlardan danışa bilərlər?".

E. Qafarova Üçüncü komitənin "Beynəlxalq gənclər ili: iştirak, inkişaf və sülh" diskussiyasında çıxış edərək demişdir:

"Gənclərin işsizliyi və qeyri-hüquqi vəziyyəti problemi bir sıra ölkələrdə ağır problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin və irqi ayrı-seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial-iqtisadi hüquqları kobud şəkildə tapdalanır… BMT bunların həllinə daim diqqət yetirməlidir".

1987–1989-cu illərdə E. Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış, humanitar sahələrə — elm, mədəniyyət, maarif işinə rəhbərlik etmişdir.

Məsul vəzifələrdə inam və xalqa sədaqətlə, pillə-pillə addımlayan və irəliləyən, 1989–1990-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan E. Qafarova bir sıra ictimai-siyasi və sosial-iqtisadi əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak etmişdir.

E. Qafarova 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalamışdır.

Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə — erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E. Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış etmiş və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa nail olmuıdur. Həmin bəyanatda deyilirdi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür".

Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E. Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21–22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırdı və ona başçılıq etdi. Sessiya yanvarın 22-də E. Qafarovanın imzası ilə "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti"ni qəbul etmişdir. Müraciətdə deyilirdi: "Bakının və bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin sənədlərini imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan sovet dövləti qanunları tapdalayaraq, SSRİ Ali Sovetinin sanksiyası və respublikanın ali hakimiyyət orqanlarının razılığı olmadan yanvarın 19-dan 20-nə keçən gecə müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və donanmadan) istifadə edərək elan olunmadan Azərbaycana qarşı təcavüz etmişdir. Bakı şəhərinə, respublikanın digər rayonlarına hücum edib dinc əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var. Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət edərək, onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır".

Azərbaycan SSR-nin Konstitusiyasında (Əsas qanunda) edilmiş dəyişikliklərə müvafiq olaraq, 1990-cı ilin may ayında respublikada prezident idarəçiliyi tətbiq edildi, parlamentin fəaliyyət forması və strukturu dəyişdirildi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv olundu.

E. Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçildi və 1990–1992-ci illərdə bu vəzifədə çalışmışdır. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[2]

E. Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermiş, o çümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmiş, oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında "Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti" qəbul olunmuş, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilmişdir.

E. Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

AKP MK-nın üzvü olan E. Qafarova AKP-nin XXXI qurultayında AKP MK-nın büro üzvü seçilmişdir.

Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan hüquqşünası, əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Tofiq Qafarovun[3] bacısıdır.[4]

E. Qafarova SSRİ-nin bir sıra orden və medalları, o cümlədən iki dəfə "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

  1. 1 2 Keçmiş spikerin səfalətdə yaşayan qızının ACI HEKAYƏTİ- VİDEO/FOTO Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az, 14.07.2015 (az.)
  2. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
  3. "ONLAR ÖMRÜNÜ ELMƏ HƏSR ETMİŞLƏR". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
  4. "Elmira Qafarovanın nəvəsi Mikayıl bilsəydi ki, onun belə bir bibisi var…" [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]