Sədərək rayonu
Bu məqalə Sədərək rayonu haqqındadır. Sədərək qəsəbəsi üçün Sədərək səhifəsinə baxın. |
Rayon | |
Sədərək rayonu | |
---|---|
39°42′ şm. e. 44°54′ ş. u.HGYO |
|
Ölkə | Azərbaycan |
Daxildir | Naxçıvan |
İnzibati mərkəz | Heydərabad |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 avqust 1990 |
Sahəsi | 220 km² |
Hündürlük | 833 m |
Əhalisi | |
Əhalisi | 23 000 (2019)[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAD |
Poçt indeksi | 7300 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Sədərək rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləmdirmək, həmçinin ərazinin geostratrji mövqeyi nəzərə alınaraq 1990-cı il avqustun 28-də Azərb. SSR Ali Sovetinin fərmanı əsasında yaradılmışdır. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir.[2] Naxçıvandan məsafəsi — 90 km
İnzibati mərkəzi: — Heydərabad qəsəbəsi
Sahəsi − 220 km²
Əhalisi − 14 016 nəfər (01.01.2011)
Əsas zirvələri: Kömürlüdağ (2065 m), Ardıc dağı (2034 m), Vəlidağ (1242 m), Əjdaha dağı (1239 m), Daşburun dağı (1239 m), Qaraburun dağı (945 m).
Əsas çayları: Araz (1072 km), Qaraçay (14 km), Çapançay (12 km).[3]
Toponimiki zahı
[redaktə | mənbəni redaktə et]Naxçıvan MR-da iri yaşayış məntəqəsi. Sədərək düzündədir. Bəzi tədqiqatçılara görə toponim ərəb dilindəki sədər (düşərgə) sözü və -ə k sözdüzəldici şəkilçisindən ibarətdir. Ehtimal ki, kənd vaxtı ilə hərbi düşəkgə olan ərazidə salınmışdır.[4]
Sədərək rayonu ərazisindən aşkar edilmiş arxeoloji abidələr m.ə. IV minilliyə aid edilir. Burada Eneolit, Tunc, antik və orta əsrlərə aid tapıntılar və tarixi abidələr (Şəhər yeri, Ağoğlan piri, Sədərək qalası və s.) Sədərək rayonunun qədim və uzunmüddətli yaşayış və mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir. Ağqoyunlu imperiyası dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Ərazi XVIII əsrin əvvəllərində İrəvan əyalətinin Sədərək nahiyəsi şəklində Osmanlı imperiyasının tərkibində olmuşdur. Sədərək rayonu 1990-cı ildə yaradılmışdır. Rayonun inzibati mərkəzi olan Heydərabad Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 75 illik yubileyində onun şərəfinə adlandırılıb. Sədərək sözünün etimologiyası ilə bağlı bir sıra mülahizələr mövcuddur. Bəzi tədqiqatçılara görə Sədərək farsca üç dərə olub buradakı Çanaqçıçay, Cəhənnəmdərə və Bağırsaq dərələrinə işarədir. Digər ehtimala görə bu söz farsca sed rəng yəni yüz rəng sözlərindən yaranıb. Bəzi mütəxəssislər isə bu adın ərəbcə sədər sözündən yaranıb düşərgə mənasını daşıdığını bildirir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Sədərək tarixən bölgənin ən mühüm məntəqələrindən biri kimi özünəməxsus inzibati statuslara malik olmuşdur. E. Kəlbizadənin "Naxçıvanın tarixi-coğrafiyası (XII–XVIII əsrin I yarısı) adlı kitabında qeyd edilir ki, bu ərazi XIII–XIV əsrlərdə Naxçıvan tüməninin tərkibində olmuşdur. Qaraqoyunlular və Ağqoyunlular dövlətləri dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J. Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuşdur. Şarden yazır: Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır. Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər. XVIII əsrin əvvəllərində də Naxçıvan tüməni, Maku, Zaruzəbil, Şadili, Dünbülü, Mağzaberd hakimlikləri kimi Sədərək hakimliyi də Çuxursəd bəylərbəyliyinin tabeliyində olmuşdur.
1728-ci ilə aid İrəvan əyalətinin icmal dəftəri ndəki məlumatlardan aydın olur ki, bu zaman Sədərək nahiyəsinə 24 yaşayış məntəqəsi daxil idi. Nadir şah Əfşarın dövründə Sədərək Naxçıvan ölkəsinin 11 mahalından biri olmuşdur. Sədərəyin rayon kimi tarixi 28 avqust 1990-cı ildən başlayır. Lakin bu yaxınlarda tədqiqata cəlb etdiyimiz bir sənəd sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq desək, hələ 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti AMEA Naxçıvan Bölməsinin elmi arxivində fond 8, siyahı 4, arxiv 5-də saxlanılan Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir ki, bu rayonlardan biri də məhz Sədərəkdir.[5] Sənəd Baş Ştab Akademiyasının dinləyicisi M. Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır. Sənəddə Naxçıvan qəzasının tərkibində Tumbul, Cəhri və Şahbuz rayonlarının, Ordubad qəzasının tərkibində Yaycı, Əbrəqunus və Çənənəb rayonlarının, Şərur rayonunun tərkibində isə Baş Noraşen (Cəlilkənd), Şahtaxtı və Sədərək rayonlarının olduğu göstərilir. Sənəddə verilən məlumatlardan aydın olur ki, o zaman yaradılmış Sədərək rayonu bugünkü Sədərək rayonuna nisbətən daha geniş əraziləri əhatə etmiş və sonralar əsassız olaraq Ermənistan SSR-ə verilmiş bir sıra yaşayış məntəqələri də məhz bu rayonun tərkibinə daxil olmuşdur. Məruzənin Naxçıvan SSR-in şəhər və kəndləri: yerləşdikləri qəza və rayonlar üzrə adlı hissəsində o zamankı Sədərək rayonunun tərkibində 37 yaşayış məntəqəsinin adı çəkilmişdir ki, bu yaşayış məntəqələri aşağıdakılardır: Sədərək, Kürkənd, Qaraburc, Maxta, Ortulu-Təzəkənd, Kərimbəyli, Quşçu-Dəmirli, Saraclu, Volçovarotski (Qurd qapısı) qəsəbəsi, Dəvə-Ölən, Cərarlı-Banut, Günnüt-Cəfərli, Kərki, Arazdəyən stansiyası, Karvansara, Calavan, Kərxmiz, Kiqayu qışlağı, Yanığ, Qaraburun, Yuxarı Başki, Aşağı Başki, Urmiya, İsfahan, Yaycı, Gümbəz, Ovçarı (Əfşarı), Asnı, Səfərəli-din, Smo, Şərqi, Məngi, Sərxan, İraq qışlağı və Düdəngə.
Bu kəndlərdən Kürkənd, Qaraburc, Maxta, Kərimbəyli, Düdəngə kəndləri bu gün Şərur rayonunun tərkibindədir. Ovçarı (Əfşarı), Ortulu-Təzəkənd, Arazdəyən stansiyasının isə Ermənistan Respublikası ərazisində olduğunu müəyyənləşdirilib.
Rayonun yaşayış məntəqələrindən biri kimi qeyd edilmiş Günnüt-Cəfərli toponiminin birinci hissəsi Günnüt bu gün də rayon ərazisində qalmaqdadır. Sədərək rayonu ərazisində bu gün də yaşamaqda olan Günnüt (Küngüt) toponimi, ehtimal ki, monqolların tərkibində Azərbaycana gəlmiş konqorat tayfalarının adı ilə bağlıdır. Qeyd edək ki, bu toponimin monqol mənşəli olması fikrini A. Axundov və A. Bağırov da təsdiqləmişlər. A. Axundov küngüt sözünü monqol və monqolların tərkibində Azərbaycana gələn küngüt türkdilli tayfa adı ilə əlaqələndirmişdir.
Sədərək rayonu ərazisində maraq doğuran yer adlarından biri də Karvansara yer adı olmuşdur. Araşdırmalarımız zamanı müəyyən etdik ki, bu ərazi indiki Sədərək kəndinin cənubunda yerləşmişdir. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev İpək Yolu üzərindəki Naxçıvan karvansaraylarından bəhs edərkən Sədərək kəndinin cənubunda bir karvansarayın olduğunu və hətta bu karvansarayın XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərdiyini qeyd etmişdir.
1990-cı ilin avqustunda Şərur rayonunun bir neçə kəndi hesabına yaradılmış rayonun məhz Sədərək adlandırılması və ayrıca rayon kimi təşkili heç də təsadüfi olmayıb. Heydər Əliyev 14 avqust 2002-ci il tarixdə Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında demişdir:
…Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı… Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim.
Qarabağ müharibəsi
[redaktə | mənbəni redaktə et]Qarabağ müharibəsi dövründə Sədərək 14 dəfə Ermənistan ordusunun hücumuna məruz qalaraq ciddi dağıntılarla üzləşdi. 1989-cu ildən Sədərək rayonunun hissəsi olan Kərkinin başını qara buludlar aldı. Ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən Kərkiyə "Qaraağac-Cəhənnəmdərə" yolu ilə yük maşını ilə, bəzən də piyada 30–40 nəfər könüllü müdafiəçi gedir, gecəni səhərə qədər kərkililərlə birlikdə kəndin keşiyini çəkirdilər. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən axşama qədər atışma getsə də, ermənilərlə döyüşən Kərkinin müdafiəçilərinin bütün səylərinə baxmayaraq, Kərki ermənilərin əlinə keçir. Sədərək 1990–1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. 1990-cı il yanvar ayının 15-də erməni-rus birləşmələri Sədərək yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğal etməklə, Sədərəyin şimali-şərq istiqamətindən öz hərbi qüvvələrini Sədərəyə tərəf xeyli irəlilədə bilmiş, Ərdəkan, Cintəndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi, bir növ, mühasirə vəziyyətinə salmışdılar.
1990-cı il anvarın 19-da səhər saat 11 radələrində eşidilən atəş səsləri sədərəkliləri səfərbər edir. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərindən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirlər. Naxçıvanın müxtəlif bölgələrindən — Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən, Nehrəmdən və digər kəndlərdən gələnlər sinələrini düşmənin önündə sipər edirlər. Yanvarın 19-da Sədərək ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları].
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə 29 avqust 1990-cı ildə Sədərək rayonu yaradılır. Buna qədər Sədərək Şərur rayonunun tərkibində olub. 1992-ci ilin may ayında Laçının işğalından sonra Ermənistan ordusu bütün qüvvələrini cəmləşdirib üç istiqamətdən — Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçərək Sədərək rayonunu işğal etməyə cəh etdilər. Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 38 şəhid verir. Mildə şəhid olanlardan 17 nəfərin cəsədini götürmək mümkün olmur. Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır. Ağır yaralılar Türkiyəyə müalicəyə göndərilir.[6]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Relyefi
[redaktə | mənbəni redaktə et]Səthi şimalda və şərqdə dağlıq, Arazboyu ərazilərdə maili düzənlikdir (Sədərək düzü).
Geoloji quruluşu
[redaktə | mənbəni redaktə et]Dağlıq ərazilərdə Devon, düzənlik ərazilərdə isə Təbaşir çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri
[redaktə | mənbəni redaktə et]Ərazidən Qaraçay, Çapançay və Araz çayı axır.
Landşaftları və bioloji müxtəlifliyi
[redaktə | mənbəni redaktə et]Quru-kontiııental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzüniin Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan subasar çəmən və çala-çəmən, su-bataqlıq, qumlu və şoranlı səhra, aşağı dağlıq qurşaqlarda yarımsəhra, dağ-kscrofit, dağ-bozqır bitkilikləri yaxşı inkişaf etmişdir. Ərazi florasında qəşəng süsən, lessinq kafirotu, qırxbuğum cuzğun, qarağat rəvəndi, adi it xiyarı, buxingeya, jujuba innabı və s. nadir və endem bitkilər yayılmışdır. Rayonun faunası üçün xarakterik olan heyvanlara canavar, çaqqal, adi tülkü, bezoar keçisi, asiya muflonu, qaban, boz dovşan, müxtəlif əqrəb və qayalıq kəkliyi, səhra zəvzəyi, adi sığırçın, çöl göyərçini və s. daxildir.
Geoloji təbiət abidələri
[redaktə | mənbəni redaktə et]Bulaqbaşı kəhrizi. Sədərək kəndi yaxınlığında Qaraburun adlı ərazidə Sədərək mineral su yatağı. Sədərək kəndi yaxınlığında Əjdahan mağarası. Mağaranın uzunluğu 12 metr, eni 5 metrdir.
Arxeoloji abidələri
[redaktə | mənbəni redaktə et]Sədərək kəndi yaxınlığında Tunc və Dəmir dövrlərinə aid qala-şəhər: Sədərək Qalası. Burada 2.5 m enində. 2 m hündürlükdə siklop tipli müdafiə səddi ucaldılmışdır. Səddin cənub- qərb hissəsində eni 5 m olan giriş qapısı vardır. Sədərək kəndi yaxınlığında Eneolit Dövrünə aid yaşayış yeri: Şəhər Yeri. Ucubiz dağının yamacında orta əsrlərə aid Ağ-atlı oğlan (Ağ oğlan) piri. Ziyarətgahın ətrafında VII — XI əsrlərə aid qədim yaşayış yeri var.
Tarixi-mədəni abidələri
[redaktə | mənbəni redaktə et]Sədərək kəndində məscid (XVIII əsr), orta əsrlərə aid qala: Koroğlu qalası. Sədərək kəndi yaxınlığında III–VIII əsrlərə aid yaşayış yeri: Əjdahan mağarası.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Paşa Zamanov — Aqrokimyaçı alim, aqrar elmləri doktoru, əməkdar elm xadimi, professor.
- Vaqif Məmmədov — yazıçı, AYB-nin üzvü
- Tahir Kərimov — Salyan rayonunun sabiq icra başçısı.
- Eltən Qədimbəyli — Qafqaz TV-nin direktoru, rejissor
Əhalisi
[redaktə | mənbəni redaktə et]Rayonun əhalisi 13,6 min nəfərdir (1 iyun 2008). Orta sıxlıq 1 km²-də 86 nəfərdir. Yaşayış məntəqələri Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki (19–20 yanvar 1990 ildə erməni-rus silahlı qüvvələri tərəfindən işğal olunmuşdur) kəndləridir.
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Sədərək qəsəbə bələdiyyəsi | 7013 |
2 | Qaraağac kənd bələdiyyəsi | 3749 |
3 | Heydərabad qəsəbə bələdiyyəsi | 1771 |
4 | Cəmi | 12533 |
Sədərək uğrunda mübarizədə şəhid olanlar
[redaktə | mənbəni redaktə et]- Abbasov Bahadır Bayram oğlu
- Əsgərov Abdulla Rza oğlu
- Abbasov Mehman Musa oğlu
- Əsgərov Canpolad Ağaverdi (Ağoş) oğlu
- Abbasov Namiq İlyas oğlu
- Adnayev Elşad Səxavət oğlu
- Əsgərov Sədi Sabir oğlu
- Ağayev Qulu İbrahim oğlu
- Heydərov Hüseyn İsgəndər oğlu
- Ağayev Musa Ağamalı oğlu
- Heydərov Yusif Qafar oğlu
- Ağayev Nəsib Ağamalı oğlu
- Həsənəliyev Asəf Ələkbər oğlu
- Babayev İlqar Kamil oğlu
- Həsənov Bayram Həsən oğlu
- Babayev Rəşad Abbas oğlu
- Həsənov Cəfər Əli oğlu
- Canməmmədov Vəli Eldar oğlu
- Həsənov Fariz Sabir oğlu
- Cəfərov Adil Allahverdi oğlu
- Həsənov Muxtar Həsən oğlu
- Əbülhəsənov Hidayət Allahverdi oğlu
- Həsənov Müşfiq Hüseynqulu oğlu
- Həsənov Nemət Arif oğlu
- Əhmədov Eldar Paşa oğlu
- Həziyev Namiq Əyyub oğlu
- Əhmədov Etibar Rzaqulu oğlu
- Hüseynov Araz Səməd oğlu
- Əhmədov Kərim Yəhya oğlu
- Hüseynov Coşqun Hüseyn oğlu
- Ələkbərov Vahid Zahid oğlu
- Hüseynov Etibar İslam oğlu
- Əliyev Elbrus Ələkbər oğlu
- Hüseynov Rəhim Həsən oğlu
- Əliyev Elxan Vəli oğlu
- Hüseynov Şamil Telman oğlu
- Əliyev Ənvər Bilal oğlu
- Xanlarov Elmidar Nurəddin oğlu
- Əliyev Kamran Yaqub oğlu
- Xudaverdiyev Səməd İmran oğlu
- Əliyev Malik Qabil oğlu
- İbrahimov Əşrəf İbrahim oğlu
- Əliyev Məhəmməd Nurəddin oğlu
- İbrahimov Orxan Yusif oğlu
- Əliyev Səyyad Əhəd oğlu
- İmanov Əbülfəz Bəbir oğlu
- Əsədullayev Kamal Fətulla oğlu
- İsmayılov Elman Cabbar oğlu
- İsmayılov Fərmayıl İsmayıl oğlu
- Nəzərəliyev Abbasəli Qaragöz oğlu
- İsmayılov Mehman Qurban oğlu
- Kazımov İlham Cəbrayıl oğlu
- Orucov Mehman Rövşən oğlu
- Qasımov Əhməd Sadiq oğlu
- Ramazanov Hidayət Əjdər oğlu
- Qasımov İlyas Sabir oğlu
- Rzayev Surxay İsa oğlu
- Qasımov Qadir Qasım oğlu
- Sarıyev Sədi Əhəd oğlu
- Qaybalıyev Bəxtiyar Nəsib oğlu
- Seyidov İlkin Mirnazir oğlu
- Qədimov Hamlet Əli oğlu
- Seyidov Məhərrəm Mirəziz oğlu
- Qədimov Vəli Rəhim oğlu
- Seyidov Mirəyyub Miryusif oğlu
- Quliyev Qulam Əli oğlu
- Seyidov Mirhəşim Mirşəmil oğlu
- Mahmudov Əbdül Qəhrəman oğlu
- Səfərov Müşfiq Qasım oğlu
- Mahmudov Vilayət Təvəkkül oğlu
- Səfərov Sabit Vaqif oğlu
- Mehdiyev Lətif Nəsib oğlu
- Səfərov Şakir Səttar oğlu
- Məmmədov Bəhlul Musa oğlu
- Səfərzadə Vidadi Vaqif oğlu
- Məmmədov Əhməd Həsənqulu oğlu
- Səfərzadə Vüqar Nəsib oğlu
- Səmədov Əli Səməd oğlu
- Məmmədov Faiq Yaqub oğlu
- Sultanov Kamil Hüseyn oğlu
- Məmmədov İdris Ələsgər oğlu
- Sultanov Nazim Fərman oğlu
- Məmmədov Kamran Cəbrayıl oğlu
- Süleymanova Səmərqənd İbrahim qızı
- Məmmədov Məmməd Əli oğlu
- Məmmədov Muxtar İsa oğlu
- Şahverdiyev Mübariz İslam oğlu
- Məmmədov Nüsrət Hüseyn oğlu
- Şəfiyev Rasim Vəli oğlu
- Məmmədov Surəddin Oruc oğlu
- Şirəlıyev Mustafa Hüseyn oğlu
- Məmmədov Valid Qasım oğlu
- Tağıyev Azər Nemət oğlu
- Məmmədova Seyran Mirəli qızı
- Tağıyev Rüstəm Rəşid oğlu
- Mirzəyev Fərhad Səyyad oğlu
- Vəliyev Rövşən Nizami oğlu
- Muxtarov Vüqar Bayram oğlu
- Vəliyev Şükür Məhərrəm oğlu
- Musayev Firuddin Qulu oğlu
- Yusifova Ruhiyyə Abdulla qızı
- Nağıyev Elşad Arif oğlu
- Zamanov Aydın Əhməd oğlu
- Nəsibov Vüqar Şəmil oğlu
- Zamanov Fazil İmran oğlu
- Nəsirov Elvin Tofiq oğlu
- Zeynalov Mahmud Zeynalabdin oğlu[7]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Sədərək rayonunun sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Rayon mərkəzində və kənd yaşayış məskənlərində yeni inzibati və ictimai obyektlər inşa edilmiş, bərpa, tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Yeni yaşayış qəsəbəsi salınmış, Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü (Ümid körpüsü) tikilmişdir. Heydərabad qəsəbəsində ermənilər tərəfindən dağıdılan 100-ə yaxın yaşayış binası təmir olunmuş, su, elektrik və rabitə xətləri bərpa edilmiş, 35/10 kvt-lıq yarımstansiya quraşdırılmışdır. Türkiyənin Aralıq bölgəsindən Sədərəyə 35 kvt-lıq fasiləsiz elektrik xətti çəkilmişdir. Elektrik enerjisi ilə təmin olunması sahəsində xeyli işlər görülmüşdür. Rayonun suvarma sistemləri tamamilə yeniləşdirilmiş və yaxşılaşdırılmışdır. Bulaqbaşı kəhrizi əsaslı şəkildə təmir olunaraq Sədərək rayonuna 5 km məsafədən yeni içməli su xətti çəkilmiş, 7 subartezian quyusu qazılmış, su kəmərləri təmir olunmuş, ərazidə 15 bulaq-abidə tikilib istifadəyə verilmişdir. 4 pilləli nasos stansiyasında yenidənqurma işləri aparılmışdır. Əsası 1992-ci ildə qoyulmuş aqrar islahatların aparılması 1996-cı ildən etibarən daha da sürətləndirilmiş, 1999-cu ildə Sədərək rayonu üzrə tamamilə başa çatdırılaraq, əhali torpaq payları ilə təmin olunmuşdur. Kənd təsərrüfat məhsulu istehsalının həcmini və məhsuldarlığını yüksəltmək üçün özəl təsərrüfatların inkişaf etdirilməsi istiqamətində fermerlərə, torpaq mülkiyyətçilərinə xeyli güzəştlər edilmişdir. Hazırda rayon ərazisində BMT-nin İnkişaf Proqramının və İslam İnkişaf Bankının vəsaiti hesabına bir sıra işlər görülmüş və həyata keçirilməsi planlaşdırılmışdır.
Rayon iqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir. Rayonda sənaye müəssisələrindən 2 şərab emalı zavodu, Naxçıvan Tikiş Fabrikinin filialı var. 2004-cü ildə muxtar respublika sənaye məhsulunun 3,0 %-ə qədəri Sədərək rayonunun sənaye müəssisələrində istehsal olunmuşdur. Bakı-İrəvan dəmir yolu (Naxçıvanın ermənilər tərəfindən blokadaya alınması səbəbindən işləmir), Naxçıvan-Türkiyə avtomobil yolu rayonun ərazisindən keçir. Sədərək gömrükxanası fəaliyyət göstərir.
Rayonda təbii su mənbəyi olmadığından suvarma, əsasən, 4 pilləli nasos stansiyaları və 3 qoldan ibarət kanallar, onların üzərindəki hidrotexniki qurğular vasitəsilə həyata keçirilir. Əhalinin içməli suya tələbatı isə Bulaqbaşı adlanan kəhriz və artezian quyuları vasitəsilə təmin edilir. Naxçıvan MR Ali Məclisi Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında 2001-ci il 15 mart tarixli xüsusi qərar qəbul etmişdir.
Rayonun 2 məktəbəqədər müəssisəsində 125 uşaq tərbiyə olunur. 4 ümumtəhsil məktəbində 2109 şagird, texniki peşə məktəbinin filialında isə 45 şagird təhsil alır. Rayonda 1 mədəniyyət evi, 1 kənd mədəniyyət evi, 2 klub, mərkəzi kitabxana sistemi, 3 kitabxana filialı, yeddiillik uşaq musiqi məktəbi, 2 məktəbdənkənar müəssisə və uşaq-gənclər şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir (2000)[2]
Rayon İcra Hakimiyyətinin orqanı Oğuz yurdu qəzeti çıxır (2000, 21 mart). Rayonda Azərbaycan və Naxçıvan televiziyasının verilişlərinə baxılır. 1024 yerlik yeni elektron tipli ATS istifadəyə verilmişdir (2000).
Tarixi-arxeoloji və memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]Son illər aparılmış arxeoloji qazıntılar nəticəsində Sədərək rayonu ərazisində Eneolit, Tunc dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri aşkara çıxarılmış və öyrənilmişdir. Sədərəyin cənubunda e. ə. IV–III minilliyə aid yaşayış yeri aşkar olunmuşdur. Ərazidə Əjdəkan, Cin təndiri, Cəhənnəmdərə, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara, Ələddin, Qaraburun və s. tarixi yer adlan mövcuddur.
Sədərəyin cənub-şərqində, Araz çayının sol sahilində geniş bir ərazini əhatə edən orta əsrlərə aid yaşayış yeri tapılmışdır. Sədərək qalasının izləri bu günədək qalmaqdadır. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bölgədə e. ə. 4-cü minillikdən başlayaraq fasiləsiz həyat davam etmişdir. Rayon ərazisində tarixi-memarlıq abidələrindən 3 məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkamı, karvansara, Ağoğlan piri, XIX–XX əsrin əvvəlində tikilmiş hamam binası və s. mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr bərpa olunur. Böyük Vətən müharibəsində (1941–45) və Azərbaycan torpaqları uğrunda şəhid olanlara abidə kompleksi inşa edilmiş, Şəhidlər xiyabanı salınmışdır. Mədəni quruculuq və səhiyyə. Sədərək rayonunda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüşdür. Rayonda bir sıra inzibati və sosial-mədəni binalar, Qaraağac kəndində yeni məktəb binası tikilmiş, kəndlərin mərkəzi meydanları abadlaşdırılmış, asfalt örtük salınmış, milli memarlıq üslubunda işlər görülmüşdür. Mədəniyyət sarayının, rabitə evinin binalan təmir edilmiş, bərpa və abadlıq işləri aparılmışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ 1 2 Naxçıvan ensiklopediyası: 2 cilddə /II cild.- Təkmilləşmiş və yenidən işlənmiş II nəşri.- Naxçıvan: Naxçıvan Ensiklopediyası, 2005.- 380 s.
- ↑ 1 2 Azərbaycan Ekoturizm potensialı. Bakı-2012
- ↑ Azərbaycan toponimləri. Bakı-1998
- ↑ "Qədim Sədərək tarixdə neçə dəfə rayon statusunda olub?". 2016-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-14.
- ↑ "Naxçıvanın qeyrət qalası — Sədərək". 2020-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ Vaqif Məmmədov. Sədərək şəhidləri. Bakı,1998
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-4.htm Arxivləşdirilib 2009-01-20 at the Wayback Machine
- Kəlbizadə E. Naxçıvanın tarixi-coğrafiyası (XII–XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s.
- Kəlbizadə E. Qədim Sədərək tarixdə neçə dəfə rayon statusunda olub?. "Şərq qapısı" qəzeti, 07.12.2016 Arxivləşdirilib 2016-12-08 at the Wayback Machine